Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanda jurnalist həbsləri ilə bağlı Avropa Şurasına çağırış edib


Avropa Şurasının Strasburqdakı qərargahı
Avropa Şurasının Strasburqdakı qərargahı

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycanda son jurnalist həbsləri ilə bağlı Avropa Şurasına çağırış edərək, qurumdan Azərbaycan hakimiyyətinə beynəlxalq öhdəliklərini xatırlatmasını və jurnalistlərin azad edilməsini istəyib.

Azərbaycanda “jurnalist ovu”nun davam etdiyini qeyd edən Sərhədsiz Reportyorlar, son olaraq “Kanal 13” internet televiziyasının əməkdaşı Rüfət Muradlının inzibati həbsə məhkum edildiyini, ötən iki həftə ərzində altı jurnalistin həbs edildiyini vurğulayıb.

“Biz əsl insan ovuna şahidlik edirik. Əsassız həbslər, zorakılıq və qondarma ittihamlar Azərbaycan hakimiyyətinin məqsədinin tam cəzasız fəaliyyət göstərən korrupsioner siyasi elitanın əməllərini ifşa edən bütün müstəqil media səslərini aradan qaldırmaq olduğunu təsdiqləyir. Sərhədsiz Reportyorlar bu repressiyanı pisləyir, Avropa Şurasını İlham Əliyev rejiminə öhdəliklərini xatırlatmağa və bütün jurnalistlərin azad edilməsinə çağırırıq”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

“Kanal 13” internet televiziyasının əməkdaşı Rüfət Muradlı polisin əmrinə tabe olmamaqda günahlandırılaraq, dekabrın 2-si Xətai Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbsə məhkum edilib. Jurnalistin yaxınları onun həbsini peşə fəaliyyəti, “Kanal 13” və digər müstəqil media qurumlarına qarşı təzyiqlərlə bağlı olduğunu qeyd edib.

Bundan əvvəl, noyabrın 28-də “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Torpaq üzərində mülkiyyət hüququnu pozmaqda günahlandırılan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Noyabr ayında həmçinin korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. “Abzas Media” jurnalistləri ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyəti və korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Rəsmi Bakı noyabrın 28-i ABŞ, Almaniya və Fransa səfirliklərinə etiraz bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyini, ölkəyə qanunsuz yolla xarici valyuta gətirildiyini bildirib.

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin səsləndirdiyi ittihamları qəbul etməyib.

Hazırda Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” mövzusu üzrə məruzəçi fəaliyyət göstərir.

AŞPA-nın “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell, media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçi Mogens Yensen və siyasi məhbuslar üzrə baş məruzəçi Sunna Evarsdottir noyabrın 22-də yaydıqları birgə bəyanatda müstəqil mediaya qarşı təzyiqlər barədə narahatlıq ifadə ediblər.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bu ilin iyun ayında Azərbaycana səfər etdikdən sonra ölkədə ifadə azadlığına qoyulan məhdudiyyətlər, o cümlədən “Media haqqında” yeni qanun barədə narahatlıq ifadə ediblər.

Forum

XS
SM
MD
LG