Accessibility links

Jurnalist Nərgiz Absalamova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi


Jurnalist Nərgiz Absalamova-Xətai rayon məhkəməsindən çıxarkən
Jurnalist Nərgiz Absalamova-Xətai rayon məhkəməsindən çıxarkən

Jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Şəhla Hümbətova bildirib.

Dekabrın 1-də Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Bildirdi ki, ona qarşı təzyiq və pis rəftar olmayıb. Nərgiz Absalamovaya Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə bildirdi ki, istintaqda protokola imza atarkən dedi ki, heç bir cinayət əməli törətməyib. İttihamlarda göstərilənlərə aidiyyatı yoxdur” vəkil qeyd edib.

Jurnalistə qarşı həbs qətimkan tədbiri seçilib
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Vəkil Şəhla Hümbətova qeyd edib ki, hüquqlarını müdafiə etdiyi jurnalist Nərgiz Absalamova məhkəmədə jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Bundan əlavə hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, “AbzasMedia”ya qarşı edilənlər, həmçinin jurnalist Nərgiz Absalamovanın həbs edilməsi müstəqil jurnalistikaya qarşı basqıların davam etməsi və artmasıdır.

"Hakimiyyət hər zaman fərqli və tənqidi fikrə qarşı olub, hakimiyyətdəkilər azad media yox, nəzarətdə olan media istəyirlər. Bunun üçün isə müxtəlif vasitələrə əl atırlar. Qanunları sərtləşdirirlər, təzyiq və təqiblərlə jurnalistləri qorxutmaq istəyirlər. Fürsət yaranan kimi isə daha sərt tədbirlərə, həbslərə əl atırlar. Görünür ki, hakimiyyət üçün hansısa bir fürsət yaranıb və ölkədə jurnalistlərin davamlı həbsinə başlanılıb. Bu yaxşı hal deyil və ölkə üçün ziyan gətirən haldır. Azad media olmayan cəmiyyətdə inkişaf gedə bilməz", o deyib.

Kazımlı hesab edir ki, müstəqil jurnalistlərə qarşı təzyiqlər, həbslər ölkənin inkişafının əleyhinə atılmış bir addımdır.

"Ona görə də düşünürəm ki, hakimiyyət jurnalistlərin həbsini dayandırmalı, həbsdə olan jurnalistləri azadlığa buraxmalıdır. Eyni zamanda müstəqil medianın fəaliyyətinə əngəllər aradan qaldırılmalıdır", hüquq müdafiəçisi deyib.

Xatırlatma

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. Bununla bağlı o, öncə şəxsi Facebook səhifəsində məlumat yayıb.

BŞBPİ-də dindirilən Nərgiz Absalamova dindirildikdən sonra saxlanılıb. Ona qarşı "Abzas Media" rəhbərliyi ilə eyni ittiham irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə deyib ki, Nərgiz Absalamova saxlanılıb, araşdırma aparılır.

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG