Accessibility links

“Abzas Media”nın mənbələrinin qorunması üçün Avropa Məhkəməsinə müraciət edilib


Abzas Media-nın loqosu
Abzas Media-nın loqosu

Vəkil Elçin Sadıqov noyabrın 23-də “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və nəşrin baş redaktoru Sevinc Vaqifqızının mənbələrinin qorunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, Sevinc Vaqifqızının və Ulvi Həsənlinin hüquqlarının təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qayda (şikayətə prioritet qaydada, növbədənkənar baxılması-red) əsasında müraciət edib.

“Ümid edirik ki, AİHM bu gün və ya sabah bizim müraciətimizə baxacaq, Sevinc Abbasovanın (Vaqifqızı), Ülvi Həsənovun (Həsənli) və digərlərinin hüquqlarını qoruyacaq, onları qanunsuz müdaxilədən mühafizə edəcək”, vəkil qeyd edib.

Sadıqovun sözlərinə görə, axtarış zamanı istintaq orqanı məhkəmə qərarı olmadan “Abzas Media”ya məxsus komputer və digər avadanlıqları götürüb.

“Ülvi Həsənov və Sevinc Abbasova araşdırmaçı jurnalistdir. Onların jurnalist mənbələrinin qorunmasına zərurət var. Biz bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Avropa Məhkəməsi oxşar işlə bağlı 2018-ci ildə Ukraynaya qarşı müsbət qərar qəbul edib. Biz inanırıq ki, Avropa Məhkəməsi bu işdə də müsbət qərar qəbul edib araşdırmaçı jurnalistlərin və onların mənbələrinin həyatlarını qoruyacaq. Çünki həmin komputerlərdə və telefonlardakı məlumatlar əsasında hökumət mənbələri müəyyən edib, onları cəzalandıra, təqib edə bilər və bu qaçılmazdır. Ona görə biz məhkəmədən xahiş etmişik ki, belə hərəkətlər hökumətə qadağan edilsin və avadanlıqar dərhal geri qaytarılsın”, vəkil qeyd edib.

Sadıqov bu gün həmçinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Sevinc Vaqifqızı ilə görüşüb.

“Sevinc xanımın əhvalı yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur. O yolundan dönməyəcəyini bildirdi”, vəkil Amerikanın Səsinə deyib.

“Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və direktorun müavini Məhəmməd Kekalov noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də saxlanılıb. Bakının Xətai Rayon Məhkəməsi Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri sdeçib.

Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunan jurnalistlər özlərini təqsirli bilmir. Onlar həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG