Accessibility links

Jurnalistlər Abzas Medianın əməkdaşlarının “azadlığa buraxılmasını və repressiyaların dayandırılmasını” tələb edir


“Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edərək onlardan bu məsələni diqqətdə saxlamağı, Azərbaycan hakimiyyətinin hamılıqla tanınan və beynəlxalq hüquqla təsbit edilən təməl hüquq və azadlıqlara dair öhdəliklərini yerinə yetirməyə, onun qanunazidd və repressiv addımlarına qarşı əməli addımlar atmağı tələb edirik”.

Bu barədə Azərbaycanın bir qrup media təmsilçisinin "Abzas Mediaya qarşı aparılan repressiyalara etiraz" bəyanatında deyilir.

Sənədi əllidən çox jurnalist imzalayıb.

Bəyanatda deyilir ki, Azərbaycanda uzun illlərdir ki, söz və ifadə azadlığı siyasi hakimiyyətin amansız repressiyaları və təhdidi altındadır.

"Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də söz və ifadə azadlığı tamamilə məhdudlaşdırılıb sıradan çıxarılmağa hesablanıb. İndiyə qədər ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar da məhz bu repressiyanın tərkib hissəsi olub. Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib", sənəddə qeyd edilir.

Jurnalistlər bildirir ki, hazırda məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin tamamilə sıradan çıxarılması siyasəti yürüdülür.

"Buna 2021-c ildə qəbul edilən mürtəce "Media haqqında" Qanunu və qanunvericiliyə gətirilən çoxsaylı hüquqazidd normaları, həmçinin söz azadlığına qarşı amansız davranışları misal göstərmək olar. Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı Abzas Mediaya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir", sənəddə deyilir.

Media təmsilçiləri hesab edir ki, Abzas Medianın direktoru Ülvi Həsənliyə, nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) irəli sürülən ittiham "gülünc və absurd, həmçinin konstutsion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara ziddir".

Eyni zamanda, Abzas Media ilə əməkdaşlıq edən ictimai fəal Məhəmməd Kekalov 24 saatdan artıqdır ki, saxlanılıb və harada olması barədə hər hansı bir məlumat verilmir.

"Azərbaycan hakimiyyətinə çağırış edirərək saxta ittihamı dayandırmağı tələb edirik. Hesab edirik ki, bütün bu repressiyaların məsuliyyəti birmənalı olaraq beynəlxalq tədbirlərdə Azərbaycanda "media azaddır" deyən Prezident İlham Əliyevin üzərindədir", bəyanatda qeyd edilir.

Öz növbəsində rəsmi Bakı bu bəyanata hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG