Accessibility links

Britaniyanın xarici işlər nazirinin müavini Azərbaycanda hüquq müdafiəçiləri və vəkillərlə görüşüb


Britaniyanın xarici işlər nazirnin müavini Leo Dokertinin hüquq müdafiəçiləri ilə görüşü (Mənbə: Böyük Britaniya səfirliyi )
Britaniyanın xarici işlər nazirnin müavini Leo Dokertinin hüquq müdafiəçiləri ilə görüşü (Mənbə: Böyük Britaniya səfirliyi )

Noyabrın 22-də Azərbaycanda səfərdə olan Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti hüquq müdafiəçiləri və vəkillərlə görüşüb.

Görüşdə hüquq müdafiəçiləri Rəsul Cəfərov, Zöhrab İsmayıl, vəkillər Bəhruz Bayramov, Zibeydə Sadıqova və Qubad İbadoğlunun qardaşı Qalib Toğrul iştirak edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X platformasında yazıb ki, görüşdə Azərbaycandakı insan hüquqlarının vəziyyəti, Doktor Qubad İbadoğlunun və “Abzas Media”nın rəhbər şəxslərinin həbsi və həmçinin Azərbaycanın 4-cü UPR (Universal Dövri İcmal) prosesi müzakirə edilib.

Nazir Leo Dokerti də X platformasında Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşdüyünü yazıb.

“İfadə azadlığının əhəmiyyətini, Doktor Qubad İbadoğlunun saxlanması və səhhətinin pisləşməsini və “Abzas Media” rəhbərlərinin həbslərini müzakirə etdik”, o qeyd edib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, müzakirələr ölkədə insan hüquqlarının durumu ilə bağlı olub.

“Görüşdə Qubad İbadoğlunun vəkilləri və qardaşı iştirak edirdi. Əsasən Qubad İbadoğlunun məsələsi qaldırıldı. Böyük Britaniyanın səfiri və nazir özü sosial platformalarında qeyd edib ki, görüşdə Qubad İbadoğlu və “Abzas Media”nın jurnalistlərinin həbsi diqqət mərkəzində olub”.

Hüquq müdafiəçisi bildirib ki, görüşdə onun tərəfindən vətəndaş cəmiyyəti sahəsində mövcud qanunvericilik və praktiki problemlər, "Tərtər işi" üzrə bir sıra əhəmiyyətli addımların atılması ilə yanaşı hələ də görülməli olan işlər, Ermənistanla sülh müqaviləsinin vacibliyi və regionda sülhün əldə edilməsinin potensial olaraq demokratik proseslərə də müsbət təsirləri kimi mövzulara toxunulub.

“Nazir Leo Dokerti dedi ki, ölkədə insan hüquqaları ilə bağlı durum barədə məlumatlıdır. Bu məsələləri müxtəlif səviyyələrdə qaldırır və bu istiqamətdə işləri davam etdirəcək. Ümid edir ki, problemlər həllini tapacaq”, Cəfərov qeyd edib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, görüşdə insan hüquq və azadlıqları, ədalət mühakiməsi, eyni zamanda əsasən Qubad İbadoğlu ilə bağlı məsələ müzakirə olunub.

“Nazir görüşlərində Qubad İbadoğlunun işinə xüsisi diqqət ayırdığını bildirdi. Bunu əsasən İbadoğlunun Böyük Britaniya Universitetində işləməsi ilə əlaqələndirdi”, o qeyd edib.

Böyük Britaniya səfirinin qeyd etdiyi Universal Dövri İcmal (UPR) İnsan Hüquqları Şurasının mexanizmidir və BMT-yə üzv olan hər bir dövləti hər 4-5 ildən bir öz insan hüquqlarına dair qeydləri nəzərdən keçirməyə çağırır.

Forum

XS
SM
MD
LG