Accessibility links

Qalib Toğrul: "Gözlədiymiz kimi şikayətlərimiz təmin edilmədi"


Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Nərimanov Məhkəməsində noyabrın 16-da ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbs müddətinin 3 ay uzadılması ilə bağlı qərar qəbul etmişdi.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib ki, şikayət təmin edilməyib:

"Bu gün iki məhkəmə prosesi keçirildi. Qubad İbadoğlunun həbsdə qalma müddətinin uzadılmasından apellyasiya şikayəti vermişdik. Bakı Apellyasiya Məhkəməsində bizim şikayətimizə baxıldı, lakin hakim şikayəti təmin etmədi. İkinci məhkəmə iclası isə Azərbaycan Demokratiya və Rifah partiyasının şikayəti ilə bağlı idi. ADR partiyasının ofisindən möhürün götürülməsi, partiyanın ofisindən götürülmüş sənədlərin geri qaytarılması ilə bağlı idi. Gözlədiyimiz kimi bu iddiamız da təmin edilmədi".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG