Accessibility links

ABŞ Azərbaycanı ifadə azadlığına hörmət etməyə çağırır


Metyu Miller
Metyu Miller

ABŞ bir daha Azərbaycan hökumətini ölkədəki hüquq və azadlıqlara hörmət etməyə çağırıb.

"Üç jurnalistin: Ülvi Həsənlinin, həmçinin onun həbsdə olarkən fiziki zorakılığa məruz qalması; Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Məhəmməd Kekalovun həbsi ilə bağlı xəbərlərdən dərindən narahatıq”, ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller TURAN agentliyinə bildirib.

“Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”, Miller əlavə edib.

Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, nəşrin baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Vəkillər Zibeydə (Həsənlini müdafiə edir) və Elçin (Vaqifqızını müdafiə edir) Sadıqovlar bildirib ki, jurnalistlər məhkəmədə onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Noyabrın 20-də “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli, noyabrın 21-də isə nəşrin baş redaktoru Sevinc Vaqifqızı polis tərəfindən saxlanılıb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqləri “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və jurnalist fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

Forum

XS
SM
MD
LG