Noyabrın 21-də Azərbaycan Milli Məclisi ABŞ Senatının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S3000 qanunu ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda qanunun Azərbaycan əleyhinə olduğu bildirilir və pislənilir.
Milli Məclis ABŞ-ı Cənubi Qafqazdakı proseslərlə bağlı "obyektiv" mövqe tutmağa çağırır.
“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu kimi addımları regionda sülh və sabitliyə zərbə vurur. ABŞ-ın təcavüskar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. 30 il ərzində ABŞ işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, əksinə, maliyyə yardımı ayırıb, yüksək səviyyəli görüşlər təşkil edib.
Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, bəyanatda vurğulanıb.
Sənəddə deyilir ki, ABŞ Qarabağdakı separatçı rejimi də dəstəkləyib.
“ABŞ-ın vasitəçi kimi bugünkü hərəkətləri Azərbaycan cəmiyyətində etimadını itirməsilə nəticələnib, Amerikanın xarici siyasəti isə son illərdə tamamilə iflasa uğrayıb. Bunu ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı siyasəti sübut edir”, Milli Məclis belə hesab edir.
“Milli Məclis bir daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bütün mənfi adımlara qətiyyətlə reaksiya verəcək", bəyanatda deyilir.
ABŞ Senatı noyabrın 15-də Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S3000 qanununu təsdiqləyib.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılırdı.
Forum