Accessibility links

ABŞ Səfirliyi: ABŞ-ın Azərbaycana dair siyasəti dəyişməyib


ABŞ səfirliyi
ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi bu il mayın 3-də The Hill qəzetində dərc olunan məqalədə ABŞ-ın Azarbaycana hərbi yardımı ilə bağlı Amerikanın Səsinin sualına cavab verib.

Amerikanın Səsi sual edib ki, ABŞ Azərbaycana hansı hərbi yardımı göstərir və bundan sonra hansı yardımı göstərə bilər?

Səfirliyin cavabında deyilir ki, “ABŞ-ın Azərbaycana dair siyasəti dəyişməyib. 2002-ci ildən bir-birini dəyişən administrasiyalar təhlükəsizlik sahəsində əməkdaşlığa icazə verən və yardım proqramlarını davam etdirmək üçün hər il 907-ci düzəlişin müddətini uzadırdılar. Düzəlişin müddətinin uzadılması Dövlət Katibi Antoni Blinken tərəfindən təsdiq olunaraq 26 aprel tarixində qüvvəyə minmişdir.

ABŞ-ın Ermənistan və Azərbaycana göstərdiyi yardım, münaqişənin sülh yolu ilə həllinə göstərilən səylərə mane olmamaq üçün diqqətlə izlənilir, regional sabitliyin gücləndirilməsinə yönəlib və ABŞ-ın milli təhlükəsizliyinin marağındadır.

Biz, Azərbaycanla, terrorizm və narkotiklərə qarşı mübarizə və mühüm enerji infrastrukturlarının mühafizəsi də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq edirik.
ABŞ Səfirliyinin cavabından sitat

Biz, Azərbaycanla, terrorizm və narkotiklərə qarşı mübarizə və mühüm enerji infrastrukturlarının mühafizəsi də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq edirik. Azərbaycan bu yaxınlarda cənubda, İranla sərhəddə ABŞ tərəfindən Azərbaycana verilən X-Ray skanerləri vasitəsilə İrana məxsus olan bitum yükünün altında gizli hissədə yerlləşdirilmiş 480 bağlamadan ibarət olan heroini aşkarlayaraq ABŞ-ın təhlükəsizlik sahəsində göstərdiyi yardımının faydasını numayiş etdirmişdir,” ABŞ-ın Azərbaycandakı Səfirliyi qeyd edir.

Amerika Birləşmiş Ştatlarında qərargahlanan The Hill qəzetində mayın 3-də dərc olunan məqalədə bildirilir ki, ABŞ Prezidenti Co Bayden Konqresə xəbərdarlıq edib ki, administrasiya ABŞ-ın Azərbaycana yardımına icazə verən istisnanın müddətini uzadır. Birləşmiş Ştatların yardımı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi səbəbilə məhdudlaşdırılmışdı.

Bu istisna Azadlığa Dəstək Aktına 907-ci düzəlişə və onun yenilənməsinə tətbiq olunur. 2002-ci ildən bəri hər il yenilənən bu düzəliş ABŞ-ın Azərbaycanı hərbi yardımla təmin etməsinə imkan yaradır, o şərtlə ki, dövlət katibi bu yardımın regionda münaqişəyə töhfə vermədiyi qənaətinə gəlir.

The Hill qəzetinin əldə etdiyi Konqresə 26 aprel tarixində göndərilən bildirişdə Dövlət katibi Antoni Blinken təsdiq edib ki, Azərbaycana yardım “Ermənistanla Azərbaycan arasında dinc həll yolu tapmaq səylərinə nə xələl gətirməyəcək, nə də əngəl törətməyəcək, eyni zamanda Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.”

The Hill-də bildirildiyinə görə, bu qərar Amerikadakı erməni icmasının qınaqlarına səbəb olub. Belə ki, onlar Baydenin ötən ay ilk dəfə olaraq Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırım kimi tanıması fonunda bunu xəyanət olaraq görürlər.

“Prezident Bayden tərəfindən ABŞ-ın [Azərbaycan Prezidenti İlham Əliyevin] rejiminə yardımına icazə verən hər hansı addımı onun açıq-aydın mövqeyinə və ən əsası onun bu yaxınlarda erməni soyqırımını tanımasınına qarşıdır,” Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian bildirib.

ABŞ tərəfindən Azərbaycana verilən X-Ray skanerləri vasitəsilə İrana məxsus olan bitum yükünün altında gizli hissədə yerlləşdirilmiş 480 bağlamadan ibarət olan heroini aşkarlayaraq ABŞ-ın təhlükəsizlik sahəsində göstərdiyi yardımının faydasını numayiş etdirmişdir.
ABŞ Səfirliynin cavabından sitat

ABŞ Dövlət Departamentinin sözçüsü The Hill-ə şərh verərək bildirib ki, “ABŞ-ın Ermənistan və Azərbaycana təhlükəsizlik sahəsində yardım proqramları regionda sabitliyi atırmaq məqsədi daşıyır və münaqişəyə dinc həll yolu tapmaq üçün aparılan səylərə əngəl törətməmək üçün diqqətli şəkildə izlənir”.

Blinken həmçinin təsdiq edib ki, ABŞ-ın yardımı “Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq səylərini dəstəkləmək və ya Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və yaxud koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmin qarşısını almaq əməliyyatlarına hazırlıq görmək üçün lazımdır; ya da Azərbaycanın sərhədinin təhlükəsizliyi üçün vacibdir.”

Blinken aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bir çox məsələni, o cümlədən “Dağlıq Qarabağ münaqişəsinin regiondakı bütün insanların xeyrinə olan davamlı siyasi həll yol tapmaq” üçün beynəlxalq səyləri müzakirə edib.

Bayden prezidentliyə Demokrat Partiyasından namizəd ikən Azərbaycanla Ermənistan arasında döyüşlərdə Azərbaycanın rolunu qınayaraq döyüşləri Azərbaycanın təhrik etdiyini bildirib və o zaman Prezident Donald Trampı Azərbaycana hərbi yardımı dayandırmağa və xüsusilə də 907-ci düzəliş altında istisnanı ləğv etməyə çağırıb.

XS
SM
MD
LG