Accessibility links

ABŞ Konqresində Azərbaycanla əlaqədar düzəliş təklif olunub


ABŞ-ın Nümayəndələr Palatasında Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar düzəliş təklif olunub. Nümayəndələr Toni Kardenas, Adam Şiff və Bred Şerman tərəfindən hazırlanan düzəlişdə “Azərbaycandan erməni müharibə əsirlərinin dərhal buraxması, habelə 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı Türkiyə dronlarında ABŞ texnologiyasından istifadə edilməsinin araşdırılmasına” çağırılır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibəsində Konqresin bu məsələdə hər hansı addımının faydalı olmadığını düşündüyünü bildirib. Onun sözlərinə görə, "Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiq olunduğu zaman Azərbaycanda olduğu üç il ərzində bunun Birləşmiş Ştatların Azərbaycanda həm demokratiyanın inkişafı və iqtisadi islahatlar kimi görməli olduğu işləri həyata keçirməsinin, həm də Cənubi Qafqazda dinc münasibətlərin qurulması səylərinin qarşısının aldığının şahidi olub".

Riçard Kazlariç ABŞ Konqresində Azərbaycanla əlaqədar təklif olunan düzəlişi şərh edir
please wait

No media source currently available

0:00 0:03:50 0:00

“Mən müsbət olaraq görülən, məsələn məhbusların sərbəst buraxılması, itkin düşən hərbi və mülki şəxslərin aqibəti kimi həll edilməli olan məsələlər üçün qanun layihələrinin faydalı olduğunu düşünmürəm. Zənnimcə, bu məsələləri münaqişənin yalnız bir tərəfinə ünvanlanan qanunlarla əhatə etmək faydalı deyil. Məncə bu, qanun layihəsinin tərəfdarlarının narahat olduğu məsələlərlə bağlı hər hansı irəliləyiş üçün mənfi mühit yaradır,” o bildirib.

Kazlariç bildirib ki, ABŞ-da dron texnologiyası ilə bağlı bir sıra nizamlamalar və texnologiyanın transferinə nəzarət mexanizmləri mövcuddur. Səfir Kazlariç əlavə qanun layihələrinin "nəyə faydalı olacağını anlamadığını" söyləyib. O, Konqres üzvlərinin birlikdə işləyərək, "Ermənistan və Azərbaycan arasında məsələlərin həllinə yardım etməli olduqlarını" vurğulayıb.

“Mən düşünürəm ki, Konqres üzvləri, Ermənistan, Azərbaycan və ya Türkiyə tərəfdarı olmalarından asılı olmayaraq birlikdə işləyib, Birləşmiş Ştatların Ermənistanla Azərbaycanın bir yerdə həll etməli olduqları məsələlərin həllində müsbət rol oynamasına yardım etməlidirlər” - deyə o bildirib.

Riçard Kazlariç həmçinin bu və bənzər düzəlişlərin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına təsirini də şərh edib. O bunun "Amerika hökumətinin icraedici qolu, qanunverici qolu və ictimaiyyətin üzərində birlikdə işləməli olduğu bir məsələ olduğunu" bildirib.

“Ermənistanla Türkiyə arasında barışıq yalnız müsbət bir haldır və biz bunu dəstəkləməliyik. Amma bu səkkiz düzəliş, ən azından mənin gördüklərim Türkiyəni çətin addımlar atmağa həvəsləndirə bilməz,” o deyib.

Rəsmi Bakı hələ ki, məsələyə münasibət bildirməyib.

10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyüş əməliyyatlarının dayandırlması barədə imzaladığı bəyanatdan sonra Azərbaycan öz ərazisində saxlanılan Ermənistan hərbi qüvvələrinin üzvlərini hərbi əsir hesab etmədiyini bildirib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG