Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində Xətai Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və hər ikisinin azadlığa buraxılması ilə bağlı apellyasiya məhkəməsi keçirilib.
Məhkəmə media rəhbərlərini həbsdə saxlayıb. Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova jurnalistlərə bildirib ki, qızı günahkar deyil, o, saxta ittihamla həbs olunub.
"Qızım bilirdi ki, Bakıda onu həbs edəcəklər, biz bunu bilirdik, mən xaricə, qızıma zəng elədim və xahiş etdim ki, qayıtmasın. Lakin Sevinc dedi ki, nə mən şəhidlərdən artığam, nə də sən şəhid analarından artıqsan, mən gələcəm", deyə Məhərrəmova bildirib.
Vəkil Fariz Namazlı deyir ki, bugünkü şikayət həm Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuz olmasından, həm də təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı idi.
"Məhkəmə qərarı olmadan "Report.az" saytında "Abzas Media" barəsində sızdırılmış materiallar var idi. Həmin materiallar istintaq orqanları tərəfindən mətbuata sızdırılıb. Halbuki, indi istintaq gedir və həmin materiallar istintaq sirridir", deyə vəkil bildirib.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, Ülvi Həsənli məhkəmədə heç bir cinayət törətmədiyini və "AbzasMedia"nın korrupsiya araşdırmalarına görə həbs olunduğunu deyib.
"Dedi ki, "Abzas Media"nın ofisində 40 min avro olmayıb, pul məqsədli şəkildə ora atılıb. Ülvi Həsənli haqqında həbs qərarı əsassızdır. O, həbsdə saxlanılmadan da istintaq aparıla bilər".
Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.
Forum