Accessibility links

AŞPA deputatları Azərbaycanda siyasi təqiblərin araşdırılmasına çağırır


Avropa Şurasının Strasburqdakı qərargahı
Avropa Şurasının Strasburqdakı qərargahı

Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda siyasi motivli təqibləri araşdırmaq üçün məruzəçi təyin edilməsinə çağırır.

“Azərbaycanda siyasi motivli təqibin araşdırılması zərurəti” başlıqlı qətnamə təklifində Azərbaycanda 2023-cü ilin əvvəlindən jurnalistlərə, həmkarlar ittifaqı fəallarına, ekologiya fəallarına, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiyaların güclənməsi ilə bağlı narahatlıq ifadə edilir.

AŞPA-nın 24 deputatın imzası ilə irəli sürülən qətnamə təklifində Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların həmişəkindən daha aydın göründüyü, hökumətin siyasi təqiblər, qondarma cinayət işləri vasitəsilə tənqidi səsləri susdurmağa çalışdığı qeyd edilir. Bu baxımdan son 12 ayda Azərbaycanda siyasi məhbusların sayının iki dəfə artdığı və 200 nəfərdən çox olduğu vurğulanır.

Hüquq müdafiəçisi Emin Hüseynov Amerikanın Səsinə bildirib ki, AŞPA-nın siyasi məhbuslarla bağlı ümumi məruzəçisi olsa da, Azərbaycanda siyasi məhbus sayı çox olduğu üçün ayrıca məruzəçi təyin edilməsinə ehtiyac var.

“AŞPA 2020-ci ilin yanvarında Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı qətnamə qəbul edərək Azərbaycanı siyasi məhbus problemini, siyasi motivli həbsləri aradan qaldırmağa çağırıb. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti problemi həll etməməkdə israr edir və son bir ildə vəziyyət daha pisləşib. Ona görə Azərbaycanla bağlı ayrıca məruzəçi təyin edilməsi və ətraflı hesabat hazırlanması məqsədəuyğundur”, Hüseynov vurğulayıb.

Parlamentarlar qətnamə təklifində Qubad İbadoğlunun əssasız həbsi və həbsxanada səhhətinin pisləşməsi, habelə Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Əvəz Zeynallının həbsləri ilə bağlı narahatlıq ifadə edib.

Sənəddə AŞPA-nın “getdikcə artan siyasi məhbus problemini və Azərbaycan hökumətinin törətdiyi hədə-qorxu aktlarını araşdıracaq” məruzəçi təyin etməli olduğu və bununla bağlı hərtərəfli hesabat hazırlanmalı olduğunu vurğulanır.

“Assambleya Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və insan hüquqlarının pozulmasına son qoymağa, habelə bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmalıdır”, qətnamə təklifində qeyd edilir.

Qaydalara əsasən, qətnamə təklifi yaxın gələcəkdə AŞPA bürosunda müzakirəyə çıxarılacaq. Təklif qəbul edilərsə, AŞPA-nın müvafiq komitəsi hesabat hazırlanmaq üçün məruzəçi təyin edəcək.

Azərbaycanda siyasi məhbus problemi, o cümlədən Qubad İbadoğlunun həbsi AŞPA-nın 9-13 oktyabr tarixlərində baş tutan payız sessiyası çərçivəsində təşkil edilən tədbirdə də müzakirə edilib. Tədbirə qatılan AŞPA deputatları və insan hüquqları təşkilatlarının nümayəndələri Qubad İbadoğlunun azad edilməsinə, Azərbaycanda siyasi məhbus probleminin həlli və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Şurası tərəfindən daha effektiv addımlar atılmasına çağırıblar.

Digər tərəfdən, ötən ay Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti və siyasi motivli həbslərlə qətnamə qəbul edərək insan hüquqlarını pozan məmurlara qarşı sanskiyalar tətbiq edilməsinə çağırıb. Parlamentin mövzu üzrə müzakirələrində iştirak edən Avropa İttifaqı komissarı Eliza Ferreyra qeyd edib ki, “İnsan hüquqları və qanunun aliliyi Azərbaycanla münasibətlərimizin əsasında durur”.

Yerli insan hüquqları təşkilatlarının bu ayın əvvəli dərc etdiyi siyahıya əsasən, hazırda Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və siyasi müxalifət üzvləri də daxil olmaqla, 235 siyasi məhbus var.

Beynəlxalq və yerli təşkilatlar Azərbaycanda hökumət tənqidçilərinə qarşı siyasi motivli təqiblər və həbslər barəsində narahatlıq ifadə etsə də, rəsmi Bakı bir qayda olaraq bu ittihamları qəbul etmir. Azərbaycan hakimiyyəti ölkədə bütün əsas hüquq və azadlıqların qorunduğunu, heç kimin siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Forum

XS
SM
MD
LG