Accessibility links

Hüquq müdafiəçiləri: Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur


Hacıyev Bəxtiyar
Hacıyev Bəxtiyar

İnsan haqları fəalı Bəxtiyar Hacıyevin barəsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılması Azərbaycanın hüquq müdafiəçilərinin etirazına səbəb olub.

“Müdafiə Xətti” hüquq müdaifə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur.

Onun sözlərinə görə, insan hüquqları fəalının həbs müddətinin növbəti dəfə uzadılması cinayət-prosessual məcəllənin tələblərinə imkan vermir.

Rüfət Səfərov: Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur
please wait

No media source currently available

0:00 0:01:45 0:00
Direct link

“Daha konkret şəkildə izah edim. Bilirik ki, Bəxtiyar Hacıyev əvvəl az ağır, sonra isə ağır cinayətdə ittiham edildi. Cinayət Prosessual Məcəllənin 218.10.3-cü maddəsinə əsasən ağır cinayətin törədilməsində ittiham üzrə ibtidai istintaq hər bir halda 13 aydan çox olmayan müddətdə qurtarmalıdır. Bu müddətdə 28 oktyabr 2023-cü ildə bitir. Bəxtiyar Hacıyevin işi üzrə Baş prokuror istintaq müddətini 16 ayadək, yəni 28 yanvar 2024-cü ilədək təqdimat təqdim etdi, Xətai Rayon Məhkəməsi də bunu təmin etdi. Heç şübhəsiz ki, hüquqi nonsesdir. Bundan başqa, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti də 13 aydır. Bilirik ki, Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixdə həbs edilib. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi tam istisna etdiyi halda Hacıyev ən azı nöbəti ilin yanvarınadək həbsdə qalacaq. Beləliklə, həm ibtidai istintaqın, həm də həbsin son müddətini müqayisə edib, bu məticəyə gəlirik ki, Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur,” hüquq müdafiaəçisi bildirib.

Öz növbəsində digər hüquq müdafiəçisi Samir Kazımlı hesab edir ki, bu Bəxtiyar Hacıyevə qarşı bir təzyiqdir.

Samir Kazımlı: Bu, Bəxtiyar Hacıyevə qarşı bir təzyiqdir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

“Bildiyiniz kimi Bəxtiyar Hacıyevlə də bağlı istintaq hərəkətləri, istintaq prosesi xeyli müddətdir ki gedir. Təkrar onun həbs barəsində istintaq müddəti ilə bağlı həbs qərarını artırdılar, və hüquqşünaslar, vəkillər bildirdiyinə görə bu prosesual qanunvericiliyə ziddir. Düşünürəm ki, bu Bəxtiyar Hacıyevə qarşı bir təzyiqdi. Yəni onun istintaqını uzatmaqla məsələni qeyri müəyyən formada saxlamaqla ona müəyyən qədər təzyiq etmək istəyirlər. Eyni zamanda düşünürlər ki, bu qondarma ittihamları necə həyata keçirsinlər. Çünki bu açıq məhkəmə prosesində çıxacaqdır və məhkəmə prosesində bu pozuntular üzə çıxacaq,” o bildirib.

Hüquq müdafiəçisi bundan sonra Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasının ona qarşı yeni ittihamların irəli sürəcəyini də istisna etməyib.

“Bu həm qanunvericiliyin pozuntusudur. Təzyiq vasitələrindən biridir. Bu metodlardan hakimiyyət əvvəllər də istifadə edib və indi də istifadə edib. Hakimiyyət bu siyasəti aparmaqda qərarlıdır. Yeni siyasi həbslər bundan xəbər verir,” o deyib.

Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Bəxtiyar Hacıyevin həbs qətimkan tədbirinin uzadılmasının bir neçə səbəblərinə toxunub.

O hesab edir ki, insan haqları fəalın işi mahiyyət etibarı ilə siyasi motivlidir.

Anar Məmmədli: İttihamları sübuta yetirmək üçün görünür zəruri materiallar yoxdur, çətinliklə üzləşiblər
please wait

No media source currently available

0:00 0:01:53 0:00

“Görünür ki, işi tamamilə yekunlaşdıra bilmirlər. Buna görə də yubanır. Əslində bu iş bir il ərzində bitməli idi. Bu işin yubanması onun siyasi mahiyyətindən xəbər verir. Müxtəlif ittihamlar səslənib. İttihamları sübuta yetirmək üçün görünür zəruri materiallar yoxdur, çətinliklə üzləşiblər. Yoxsa yubanmazdı. İkincisi, bu işin ümumiyyətlə vaxtında məhkəməyə göndərilməsi üçün tam siyasi qərarın verilmədiyini düşünürəm. Siyasi qərar verilsəydi bəlkə də bu iş çoxdan məhkəməyə çıxarılardı. Mənə elə gəlir ki, siyasi sifariş olduğu üçün bir qədər də tərəddüd var ki, hansı ittiham aktı əsasında məhkəmə təqdim olunacaq. Görünür ittiham aktının hazırlanmasında çətinlik çəkirlər,” hüquq müdafiəçisi bildirib.

Bu deyilənlərlə bağlı Azərbaycanın rəsmi orqanlarından şərh almaq mümkün olmayıb.

Eyni zamanda bir müddət əvvəl Amerikanın Səsinə müsahibə verən Azərbaycan Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Bəxtiyar Hacıyevin işində cinayətin əlamətlərini əks etdirən konkret əməl var.

“Yəni, ortada cinayətin əlamətlərini əks etdirən konkret əməl var. Cinayət-prosessual qanunvericiliyi çərçivəsində həyata keçirilən cinayət təqibi də o məqsədə xidmət edir ki, vətəndaş Hacıyevin həmin əməllərinin cinayət olub-olmadığı, yaxud cinayəti törətməkdə təqsirləndirilən şəxs kimi onun təqsirli olub-olmamağı müəyyən olunsun.

Hər hansı vətəndaşın siyasi mövqeyi, işi, peşəsi, nüfuzu, ictimai statusu ona hər hansı formada üstünlük yaratmır. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Yəni, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətinə, mənşəyinə, qulluq mövqeyinə, əqidəsinə və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir,” o bildirib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Forum

XS
SM
MD
LG