Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı özbaşına həbslərlə bağlı müzakirələrdə Azərbaycandakı vəziyyətə toxunulub.
Hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycanda özbaşına həbs hallarının artmasına diqqəti yönəldib. Belə ki, siyasi məhbusların sayı 200-ü ötüb. Onların arasında 145 dindar, 6 jurnalist, 2 hüquq müdafiəçisi və 7 nəfər müxalifət partiyasının üzvü var.
"Azərbaycan hökuməti tənqidi səsləri susdurmaq və müstəqil jurnalistikaya mane olmaq üçün uydurma cinayət işlərindən istifadə edir. Jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Bəxtiyar Hacıyev kimi hökumət tənqidçiləri dəfələrlə özbaşına həbsə məruz qalıblar", hüquq müdafiəçisi deyib.
Hüseynov həmçinin Şuranın diqqətini Türkmənistan vətəndaşlarının Türkiyədən məcburi ekstradisiyasına və sonradan onların saxlanmasına yönəldib. Belə ki, gənc bloqer Fərhad Maymanquliyev Aşqabada ekstradisiya edilib və orada amansız işgəncələrə məruz qalıb. Sonradan 18 il həbs cəzasına məhkum edilib və sağlamlıq vəziyyəti narahatlıq doğurur.
Azərbaycanın Cenevrədəki diplomatik missiyasının nümayəndəsi tədbirdə çıxış edərək, diqqəti azaraq qonşu ölkənin ərazisinə keçmiş iki azərbaycanlı hərbçinin Ermənistanda özbaşına həbsinə yönəldib. Azərbaycanlı diplomat qeyd edib ki, Ermənistanda gəncləri qondarma ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum ediblər.
Apreldə Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov azaraq Ermənistan ərazisinə keçiblər. Axundov "sərhədi qanunsuz keçmək" və "gözətçinin qətli” işi üzrə 20 il, Bəbirov isə "sərhədi qanunsuz keçmək" işi üzrə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Sessiya çərçivəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə "postpandemiya dövründə Azərbaycanda insan hüquqları" mövzusunda "paralel tədbir" keçirilib.
Təşkilatın rəhbəri Emin Hüseynov bildirib ki, pandemiyanın başa çatmasına baxmayaraq, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır.
Tədbirdə həbsdə olan müxalifətçi Qubad İbadoğlunun qızı Jalə Bayramova da çıxış edib. O, hökuməti tənqid etdiyinə görə atasının qanunsuz təqib edilməsindən danışıb.
Azərbaycan hökuməti ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbus ifadəsini qəbul etmir və ölkədə siyasi məhbusların olmadığını bildirir.
Forum