Avropa Parlamenti Qubad İbadoğlunun azad, insan hüquqlarını pozan məmurlara sanksiya tətbiq edilməsinə çağırıb.
Avropa Parlamenti sentyabrın 14-ü böyük səs çoxluğu ilə qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırıb, ona qarşı ittihamların uydurma və siyasi motivli olduğunu vurğulayıb.
Qətnamədə Avropa İttifaqı institutları və üzv ölkələr Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsinin qaldırılması, siyasi məhbusların azad edilməsinin əməkdaşlıq üçün şərt qoyulmasına çağırılıb.
Parlament Azərbaycan hakimiyyətinin bütün siyasi məhbusları, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini azad etməsinə, onlara qarşı irəli sürülən bütün siyasi motivli ittihamların ləğv edilməsinə və repressiyalara son qoyulmasına təkid edib və Azərbaycanda ciddi insan hüquqları pozuntularına yol vermiş məmurlara qarşı İttifaqın qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində sanksiyalar tətbiq edilməsinə çağırıb.
Səsvermədə iştirak edən 569 deputatdan 539-u qətnamə layihəsinin lehinə, 6 deputat əleyhinə səs verib, 24 deputat bitərəf qalıb.
Çərşənbə günü baş tutan müzakirələrdə Avropa Parlamenti deputatları Azərbaycanda insan hüquqlarına dair ciddi problemlərin olduğunu vurğulayıb, Qubad İbadoğlu və digər bütün siyasi məhbusların azad edilməsinə çağırıblar.
“Qubad İbadoğlu kleptokratiyaya etiraz etdiyi üçün 12 il həbs cəzası ilə üz-üzədir. Biz Azərbaycan hakimiyyətindən Qubad İbadoğluna qarşı təqibi dayandırmağı və dərhal azad etməyi tələb etməliyik. Onun qanunsuz həbsi, o cümlədən siyasi və ictimai fəallara, jurnalistlərə və müxalif siyasətçilərə qarşı davam edən təqiblər Aİ-Azərbaycan münasibətlərinin dərinləşməsinə əsas əngəl hesab edilməlidir”, Parlamentin Litvadan olan deputatı Pyatras Auştryaviçyus deyib.
İsveçdən olan deputatı Evin İncir çıxışı zamanı siyasi müxalifətə və ictimai fəallara qarşı təqiblərin qəbuledilməz olduğunu vurğulayıb.
“Qurama cinayət işləri ilə öz tənqidçilərini susdumağa çalışan bir rejimlə münasibətlərə heç nə olmamış kimi davam edə bilmərik. Azərbaycanla hər hansı razılaşma üçün bütün siyasi məhbusların buraxılması şərti qoyulmalıdır. Əsas hüquqları pozan rejimlər və şəxslər üçün cəzasızlığa son qoyulmalıdır”, İncir əlavə edib.
“Təəssüf ki, bu, bizim Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə apardığımız ilk müzakirə deyil”, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand öz çıxışında qeyd edib.
“Avropa İnsan Hüquqları Məhkəməsi 2018-ci ildə Azərbaycanda cinayət qanunvericiliyindən sui-istifadə yolu ilə hökumət tənqidçilərinin özbaşına həbslərinin narahatedici nümunəsi olduğunu qeyd edib. Təəssüf ki, bu gün vəziyyət daha da pisdir”, Kalyurand əlavə edib.
Aİ-nin Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından müzakirələrə qatılan Aİ komissarı Eliza Ferreyra qeyd edib ki, Aİ Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsini, ölkədə insan hüquqlarının vəziyyətinin təkmilləşməsini təmin etmək üçün Azərbaycanla bütün təmaslarında insan hüquqları məsələsini qaldırmağa davam edəcək.
“Biz Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməyə çağırırıq. İnsan hüquqları və qanunun aliliyi Azərbaycanla münasibətlərimizin əsasında durur. Bu, 2018-ci ildə imzalanan və 2024-cü ilə qədər uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədində birgə razılaşdırılıb. Aİ qanunun aliliyi, insan hüquqları və demokratik institutların müstəqil, sabit və firavan ölkənin əsasını təşkil etdiyinə və bunun konstruktiv ticarət mühiti üçün ilkin şərt olduğuna inanır. Aİ Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsini, ölkədə insan hüquqlarının vəziyyətinin təkmilləşməsini təmin etmək üçün Azərbaycanla bütün təmaslarında insan hüquqları məsələsini qaldırmağa davam edəcək”, Aİ rəsmisi qeyd edib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum