Accessibility links

Senator Ben Kardin Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırır


Amerikalı Senator Ben Kardin həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

"Azərbaycan hökumətinin azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğması diqqəti daha da artırır", o, X-də ( keçmiş Twitter) qeyd edib.

Senator paylaşımında iqtisadçı alimin və həyat yoldaşının saxlanılan zaman fiziki təzyiqə məruz qalması barədə yayılan məlumatlara da münasibət bildirib.

"O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, o həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram", o bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG