Bir qrup azərbaycanlı siyasi mühacir sentyabrın 12-si Fransanın Strasburq şəhərində Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçirib. Siyasi mühacirlər həbsdə olan Azərbaycan Demokratiya və Rifah partiyasının sədrinin 52 yaşını qeyd edib, Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə, Qubad İbadoğlunu və digər siyasi məhbusları azad etməyə çağırıblar.
Azadlıq qəzetinin Fransada mühacirətdə yaşayan redaktoru Rahim Hacıyev Qubad İbadoğlunun həbsinin Azərbaycan hakimiyyətinin repressiya siyasətinin tərkib hissəsi olduğunu deyib.
“Qubad İbadoğlu Əliyev rejiminin Azərbaycanı dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən birinə çevirməsinə qarşı mübarizənin ön cərgəsində gedən şəxslərdən biridir. Buna görə də Azərbaycan hakimiyyəti ondan bu yolla intiqam almağa çalışır. Görkəmli ziyalıya qarşı bu, Azərbaycan hakimiyyətinin zorakılıqla müşayiət olunan növbəti repressiya aktıdır. Biz bunu pisləyirik. Qubad İbadoğluna və digər çoxsaylı siyasi məhbuslara azadlıq tələb edirik”, Rahim Hacıyev vurğulayıb.
Azadlıq qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahid də Qubad İbadoğlunun həbsini pisləyib.
“Qubad İbadoğlu Azərbaycanda cərəyan edən proseslərə, baş verən hadisələrə, o cümlədən aparılan iqtisadi siyasətə dərin və elmi baxışı ilə, prinsipial vətəndaş mövqeyi ilə fərqlənib. O, Azərbaycanın başlıca bəlalarından olan korrupsiya haqqında açıq şəkildə mövqeyini ortaya qoymuş şəxsdir. Qubad İbadoğlunun həbsi məhz bununla bağlıdır”, Qənimət Zahid qeyd edib.
Ötən gün Strasburqla yanaşı dünyanın bir çox şəhərlərində Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib. Vaşinqtonda baş tutan aksiyada iştirak edən Qubad İbadoğlunun oğlu Emin Bayramlı Amerikanın Səsinə bu aksiyaların sentyabrın 12-dən oktyabrın 12-dək dünya boyu 52 şəhərdə davam edəcəyini deyərək, atasının dərhal azadlığa buraxılmasına çağırıb.
Bu həftə Strasburqda Avropa Parlamentinin plenar iclasında Qubad İbadoğlunun işi ilə bağlı müzakirələr keçiriləcək. Çərşənbə günü baş tutacaq debatda İbadoğlunun işi ilə yanaşı Azərbaycanda insan hüquqlarının ümumi vəziyyəti müzakirə ediləcək.
Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola von Kramon Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair ciddi problemlərin olduğunu deyib.
“Bu, dünəndən bəri deyil, uzun müddətdir belədir. Azərbaycandan gələn son xəbərlər, son hadisələr daha da narahatedicidir. Təbii ki, bu bizim üçün problemdir. Biz təxirəsalınmazlığını nəzərə alaraq xüsusən Qubad İbadoğlunun işini qaldırdıq. Ümid edirik ki, hazırlanan qətnamə layihəsi ilə onun azad edilməsi, ən azından həbsxanada onunla daha yaxşı rəftar edilməsi üçün Azərbaycan rejiminə, Prezident Əliyevə təzyiq göstərə biləcəyik”, Viola von Kramon bildirib.
Qubad İbadoğlunun işi ilə bağlı qətnamə layihəsi cümə axşamı Parlamentdə səsverməyə çıxarılacaq. Parlament qətnamə layihəsində Qubad İbadoğlunun həbsini pisləyir, onun ağır xəstə olması ilə bağlı xəbərlərdən dərin narahatlığını bildirir, Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırır.
Parlament həmçinin Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində milli və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz vətəndaşlarının insan hüquqlarını qorumağa çağırır.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum