Accessibility links

Qubad İbadoğlunun apellyasiya şikayəti təmin olunmayıb


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Sentyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun ev dustaqlığından verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə məlumatı Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev verib.

Vəkil bildirib ki, şikayət Qubad İbadoğlunun səhhətindəki problemlərlə əlaqədar verilib.

"Onun xroniki xəstəlikləri var, biz bir neçə dəfə bu barədə məhkəmədə və mətbuatda məlumat vermişik. Avqustda Bakı İstintaq Təcridxanasında həkimlər onu müayinə etmişdi, nəticələr heç də ürəkaçan deyildi. Məlum olmuşdu ki, damarında genişlənmə var və bu, onun səhhəti üçün risklidir - deyə, vəkil bildirib.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, həbsxana şəraiti Qubad İbadoğlunun səhhətinə daha pis təsir göstərir:

"Piyada yerimək üçün şərait yoxdur, qidalanma rejimi də onun səhhətinə uyğun deyil. Həmçinin həkim müayinəsi vaxtında təmin olunmur. Eyni zamanda, o, dərmanlarını xaricdən əldə edir, lakin həmin dərmanları müayinədən sonra əldə edə bilir. O dərmanlar da artıq bitib və əldə olunması müşkül məsələdir. Şəkər xəstəliyi digər orqanlara da təsir edir və sıradan çıxarır. Ona görə də biz humanist nöqtəyi-nəzərdən bildirdik ki, bu, yolverilməzdir və sağlamlığında bu qədər problemi olan şəxsi həbsdə saxlamaq qeyri-insani münasibətdir. Təəssüf ki, vəsatətimiz təmin olunmadı".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG