Accessibility links

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu (Məhkəmə Reqlamentinin 39-cu Qaydasına görə, məhkəmə müvəqqəti tədbirlər təyin edə bilər -red.) qaydanı əsas tutaraq bu qənaətə gəlib.

“İşə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır. Biz Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət eləmişik. Vəsatətlərimiz təmin olunmyıb. Sonra apellyasiya məhkəməsinə müraciət eləmişik. Orada da şikayətimiz təmin olunmayıb. Daha sonra Avropa məhkəməsinə müraciət etmişik. Bizim Qubad bəyin ev dustaqlığına buraxılmasının əsaslandırmamızın kökündə o dayanır ki, Qubad bəyin səhhəti çox kritikdir”, Qubad İbadoğnunun qardaşı deyir.

O qeyd edib ki, Qubad İbadoğlunu o şəraitdə qalması həyatı təhlükədir.

“Ölümlə nəticələnə bilər. Əsas məsələ təbii ki, Qubad bəyin səhhətidir ki, bu səhhət ilə orada çox davam edə bilməz. Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır", o bildirib.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmənin qərarını Amerikanın Səsinə şərh edərək bildirib ki, iqtisadçı alim Qubad İbadoğlu tam qurama ittiham üzrə həbsdədir.

Onun fikrincə, Qubad İbadoğlunun hazırda sağlıq durumu qənaətbəxş deyil.

“Qeyd edirəm ki, Avropa İnsan hüquqları məhkəməsinə şikayət ərizəsi daxil olarkən o şikayətə baxılan müddət ərzində dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görülməsi barədə qərar qəbul edilə bilər. Bu adətən dövləti nəyisə etməkdən çəkindirməkdən, məsələn şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcək ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir. Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş şəkildə konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir”, hüquq müdafiəçisi deyib.

Rüfət Səfərov: Qubad bəyin ibtidai istintaq dövründə ev dustaqlığına çıxarılması ilə bağlı hüquqi çalışmalar davam etdirilir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Onun sözlərinə görə, müvəqqəti tədbirlər Konvensiyanın yaşamaq hüququ, işgəncələrin qadağan edilməsi maddələri, eksdradisiya, həbsdə saxlanılan şəxsin sağlıq durumu ilə bağlı tətbiq edilir.

“Hər halda Qubad bəyin ibtidai istintaq dövründə ev dustaqlığına çıxarılması ilə bağlı hüquqi çalışmalar davam etdirilməkdədir” Rüfət Səfərov bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG