Accessibility links

Qubad İbadoğluna azadlıq tələbi ilə “52 şəhərdə 52 aksiya” adlı nümayişlər keçirilir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun sentyabrın 12-də 52 yaşının tamam olması münasibətilə dünyanın müxtəlif ölkələrində aksiyalar keçirilir.

İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib ki, nümayişlər “52 şəhərdə 52 aksiya” adı altında keçirlir.

“Dünyanın müxtəlif ölkələrinin şəhərlərində insanlar Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirəcəklər”, o bildirib.

Qalib Toğrul deyib ki, ilk aksiya Cənub-Şərqi Asiyada yerləşən Şərqi Timor Demokratik Respublikasının (Timor-Leste) paytaxtı Dili şəhərində keçirilib.

Növbəti gün, sentyabrın 12-də ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan və İsveçin müxtəlif şəhərlərində Qubad İbadoğluna azadlıq tələbi ilə aksiyalar keçiriləcəyi planlaşdırılır.

Bəhruz Bayramov
Bəhruz Bayramov

Vəkil Bəhruz Bayramov bu gün, sentyabrın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə deyib ki, onun səhhətində problemlər davam edir.

“Həbsindən sonra yeni xəstəliklər tapıb. Hazırda dərmanlarını atır”, o qeyd edib.

Vəkil: Qubad İbadoğlunun səhhətində probelmlər davam edir
please wait

No media source currently available

0:00 0:01:07 0:00

Vəkilin dediyinə görə, İbadoğlunun təcridxanada müayinəsi ilə bağlı problemlər yaranıb.

“Belə ki, müayinə edən həkimlərin gəldiyi nəticələr arasında fərqlər var. Həm də analizlərin nəticələri üst-üstə düşmür”, Bayramov bildirib.

Vəkil Qubad İbadoğlunun həbsinin bir daha qanunsuz və əsassız olduğunu bildirdiyini deyib.

Amma İbadoğlu saxlanma şəraitindən narazı deyil.

“O kamerada üç nəfərlə birgə saxlanılır. Sadəcə problemləri səhhəti ilə bağlıdır. Həkim nəzarəti var. Həkimlər qan təzyiqini, şəkərini ölçür. Amma, bu onun səhhətindəki problemin həllini əhatə etmir”, vəkil bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Qubad İbadoğlunu işi bu həftə Avropa Parlamentində də müzakirəyə çıxarılacaq.

Forum

XS
SM
MD
LG