Accessibility links

Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Sentyabrın 8-də Bakının Nərimanov rayon Məhkəməsində həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun telefon danışıqlarının və ailə üzvləri ilə görüşünün təmin edilməməsi ilə bağlı vəkillərin məhkəmə nəzarəti qaydasında şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, sədrlik edən hakim Hafiz Kamranov bildirib ki, artıq Qubad İbadoğlunun telefon danışıqları və ailə üzvləri ilə görüşü təmin edilib.

Bu zaman vəkil Bəhruz Bayramov Qubad İbadoğlunun prosesdə iştirakının təmin edilməsi barədə vəsatət verib, həbsindən sonra 28 gün telefon danışığına və görüşünə qadağa qoyulduğunu deyib.

Hakim vəkilə bununla bağlı yuxarı prokurorluq orqanlarına şikayət verilməsini məsləhət bilib.

Vəkil Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG