Accessibility links

Drezden Texnologiya Universiteti və Amnesty İnternational təşkilatı Qubad İbadoğuna azadlıq istəyir


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Drezden Texnologiya Universiteti və Amnesty İnternational hüquq müdafiə təşkilatı Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib.

Drezden Texnologiya Universitetinin rektoru Prof. Dr. Ursula Staudinger Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək Qubad İbadoğlunun həbsinin əsassız olduğunu bildirib.

"Universitetimizin bəxti gətirib ki, Qubad İbadoğlu kimi alim bu təhsil müəssisəsində çalışacaq. Biz Qubad İbadoğlunu dünya səviyyəli universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, elmə böyük töhfələr vermiş və əminəm ki, bundan sonra da töhfələr verəcək parlaq fikir sahibi, tədqiqatçı və müəllim kimi tanıyırıq.

Biz, eyni zamanda onu vicdanlı və xeyirxah insan kimi tanıyır və ona qarşı irəli sürülən ittihamları əsassız hesab edirik. Dünyada tanınmış alim Qubad İbadoğlunu azad edin, o, 2023-cü ilin oktyabrında universitetimizdə professor kimi işə başlamalıdır", müraciətdə qeyd edilir.

Eyni zamanda Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun həbsindən narahatdır.

Təşkilat iqtisadçı alimin dərhal həbsdən azad edilməsi ilə bağlı Azərbaycan prezidentinə müraciət edib.

Amnesty İnternational həmçinin müraciətdində Qubad İbadoğlunun təcridxanada lazimi dərman və qida ilə təmin olunmasına çağırıb.

“Həbs zamanı ona və həyat yoldaşı İradə Bayramovaya qarşı pis rəftar, habelə prosessual hüquqlarının pozulması ilə bağlı iddialar operativ və səmərəli şəkildə araşdırılmalı, bütün şübhəli şəxslər məsuliyyətə cəlb edilməlidir. Həmçinin sizi dinc hökumət tənqidçiləri və dissidentləri hədəf almaq üçün cinayət ədliyyə sistemindən sui-istifadəyə son qoymağa çağırıram”, müraciətdə deyilir.

Təşkilat hesab edir ki, Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti, siyasi və ictimai fəaliyyəti tənqid etdiyinə, o cümlədən korrupsiyaya qarşı mübarizə çərçivəsində Azərbaycan vətəndaşlarından xaricdə müsadirə edilmiş xarici aktivlərdən azərbaycanlı tələbələrə vəsait ayırmaq istəyən fondun yaradılmasına kömək etdiyinə görə açıq-aşkar qisasdır.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

XS
SM
MD
LG