Accessibility links

Qənimət Zahid: İlham Əliyev vətəndaş fəallığının uzun müddət özünə gələ bilməyəcəyi bir Azərbaycan reallığı yaratmaq istəyir


Qənimət Zahid
Qənimət Zahid

Azadlıq qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahid Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, son dönəmlər siyasi və ictimai fəalların həbsləri, habelə Azərbaycan Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlunun həbsi barədə danışıb.

Amerikanın Səsi: Sön dönəmlər siyasi-ictimai fəalların həbsləri beynəlxalq və yerli ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqlarının vəziyyətinə yönəldib. Sizin bu barədə düşüncələriniz nədir? Azərbaycan insan hüquqlarının vəziyyəti hazırda nə yerdədir?

Qənimət Zahid: Ümumiyyətlə, Azərbaycan azadlıqlar probleminin olduğu barədə biz dəfələrlə danışırıq. Hər gün danışırıq ki, ölkədə insan hüquq və azadlıqlarının durumu az qala hər gün daha da pisləşir. Burda yaxşı heç bir tendensiya yoxdur və görünür ki, xeyli müddət də üzü böhrana davam edəcək. Bir çoxları belə izah edirlər ki, indi beynəlxalq konyuktura daha fərqli və qabarıq məsələlərə məşğul olduğu üçün Azərbaycanda insan haqları kimi permanent, artıq irinləmiş bir proses çox tez-tez arxa plana keçə bilir. Bunda bir həqiqət payı var, amma beynəlxalq çevrələrə o qədər də ümidli olmağa ehtiyac yoxdur. Buna gərək də yoxdur və məsləhət deyil. Azərbaycanın özündə bir vətəndaş fəallığı olmasa, bu proses elə pisləşə-pisləşə davam edəcək. Birinci şərt budur ki, Azərbaycanda vətəndaşlar, vətəndaş cəmiyyəti özünü toparlasın.

Qənimət Zahid: İlham Əliyev vətəndaş fəallığının uzun müddət özünə gələ bilməyəcəyi bir Azərbaycan reallığı yaratmaq istəyir
please wait

No media source currently available

0:00 0:07:03 0:00

İkinci, beynəlxalq müstəvidə həqiqətən də konyuktura məsələləri filan var, eyni zamanda ola bilsin ki, böyük dövlətlər və beynəlxalq insan hüquqları təşkilatları məsələni bəlli bir mərhələdən sonraya buraxa bilirlər. İndi Ukrayna müharibəsi var. Ukrayna müharibəsindən sonra Rusiyanın hər hansı şəkildə cilovlanması Rusiyada və şəxsən Putin diktaturasına bağlı olan diktatorların idarə etdiyi ölkələrdə insan hüquqları ilə bağlı məsələnin pozitivə doğru dəyişəcəyinə dair qənaətlər var. Bəs burda Azərbaycan neft və qaz diplomatiyasının bir təsirləri varmı? Açığı, mən bunu o qədər də ciddi faktor saymıram. Çünki Azərbaycanın dünya enerji bazarına təqdim edəcəyi o qədər də böyük porsiyalar yoxdur. Ancaq mən iki əsas faktoru xatırlatdım.

Hesab edirəm bir müddət də belə davam edəcək. Bu səbəbi Rusiya-Ukrayna müharibəsi, amma həm də daxili inzibati yanaşmadır. Əlbəttə, İlham Əliyev onun fərqindədir ki, Putinin çöküşü yalnız Əliyevin deyil, eləcə də Orta Asiya diktatorlarının, hətta Afrikada buna bənzər rejimlərin əl-qolunu bağlayacaq. Ona görə də İlham Əliyev həmin mərhələyə hazır gedib çıxmaq istəyir. Ciddi alternativlərin olmadığı, vətəndaş fəallığının uzun müddət özünə gələ bilməyəcəyi bir Azərbaycan reallığı yaratmaq istəyir və bu istiqamətdə inadla, israrla irəliləyir. Son həbslər, ehtimal edirəm ki, yeni həbslər də olacaq, məhz İlham Əliyevin taktiki davranışlarının nəticəsidir. Yəni seçim qarşısında qalanda ölkənin içərisindən bizi narahat edən faktorlar olmasın. Burda həm də ərköyünlük elementi var. İlham Əliyev hesab edir ki, onun Qarabağ müharibəsində qazandığı dividend hələ uzun müddət xərclənə biləcək. Bütün bunlar birləşəndə Azərbaycandakı kimi pərişan bir durum yarada bilir.

Amerikanın Səsi: Qubad İbadoğlunun həbsi barədə soruşmaq istəyirəm. Qubad İbadoğlu müxtəlif cinayət ittihamları ilə həbs edildi. O bütün ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu deyir. Sizin bu barədə düşüncələriniz nədir?

Qənimət Zahid: Əslində, bu sahədə situasiya xeyli dərəcədə aydınlaşıb. Öncədən irəli sürülən, biri rəsmiləşdirilən, o biri isə hökumətin yandaş mediasının gündəminə təqdim edilən hər iki ittiham faktiki olaraq darmadağın edilib. Söhbət qeyri-rəsmi Fətullah Gülən ittihamından, eyni zamanda saxta pul dövriyyəsi ittihamından gedir. Situasiya aydınlaşdıqca hökumətin Londonda yaradılan təhsil fondu ilə bağlı, ölkədən müxtəlif zamanlarda başda hakim ailə olmaqla oliqarxların, dövlət adamlarının oğurlayıb apardıqları pulların taleyi ilə bağlı narahatlığı və qorxusu daha qabarıq şəkildə ortaya çıxır. Həmin pulların müsadirə edilib fonda daxil edilməsi ilə bağlı hər hansı bir mexanizm, ən az bir presedent yaransa, bircə presedent çox böyük kanal yarada bilər. Heç kimdə şübhə doğurmur ki, narahatlıq məhz bununla bağlıdır. Artıq özləri də büruzə verməyə başlayıblar. Hökumət mətbuatını izlədikdə, həmin mətbuatın bu narahatlığı bir qədər istehzalı, ironik şəkildə gündəmə gətirməklə hökumətin və şəxsən İlham Əliyevin real qorxusunun məhz bundan ibarət olduğunu, bunun nəticəsində də Qubad İbadoğlunun həbs edildiyini aydınca sezmək mümkündür.

Bunlar Qənimət Zahidin fikirləridir. Azərbaycan hakimiyyəti bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, vətəndaş cəmiyyətinin, o cümlədən medianın sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını bildirir.

Forum

XS
SM
MD
LG