Accessibility links

Cəmil Həsənli: Azərbaycanda avtoritarizmdən totalitarizmə keçid baş verir


Cəmil Həsənli
Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində ölkədə son həbslərdən və "fetoçuluq"la bağlı bəyanatlardan danışıb.

Amerikanın Səsi: Fikrinizcə son həbslərin səbəbləri nədir? Bu, hansısa siyasi gözləntilərlə bağlıdır, yoxsa təsadüfi bir hadisədir?

Cəmil Həsənli: Əvvəla, Azərbaycanda repressiyalar təsadüfi hadisə deyil. Davamlı, ardıcıl hadisədir. Hər zaman bizim cəmiyyətdə deyillər ki, repressiyaların yeni dalğası. Yəni Azərbaycanda, məsələn, mənə beş il bundan qabaq da, on il bundan qabaq görüşəndə jurnalistlər həmişə deyirdi ki, repressiyaların yeni dalğası başlayıb. Yəni, Azərbaycanda repressiya köhnəlməyən bir prosesdir. Daim hərəkətdə, fəaliyyətdə olan bir prosesdir. Azərbyacan hakimiyyəti daim yeni həbslərlə cəmiyyəti təəccübləndirir və şoka salır. Əlbəttə, repressiyanın əsas məqsədi qorxu mühiti yaratmaqdır. Qubad İbadoğlunu elə adam kimi, normal da istintaq orqanlarına dəvət edib, çağırıb tutmaq olardı. Onu tutmaqdan ötrü belə bir, sanki Osama Bin Ladeni tuturlar, hay-küylə, maşınını vururlar, həyat yoldaşına qarşı şiddət tətbiq edirlər, özünə qarşı zor tərbiq edirlər və son nəticə etibarı ilə də deməli, saxta pul kəsməkdə ittiham edirlər. Ona görə də bu repressiyalar Əliyev siyasətinin ayrılmaz atributudur.

Cəmil Həsənli: Azərbaycanda avtoritarizmdən totalitarizmə keçid baş verir
please wait

No media source currently available

0:00 0:14:48 0:00

Amerikanın Səsi: Bəzi müşahidəçilər yaxın aylarda ölkədə referendum keçiriləcəyini, ciddi konstitusiya dəyişikliklərinin olacağını bildirir və həbsləri bununla əlaqələndirir. Siz necə düşünürsünüz?

Cəmil Həsənli: Mən elə düşünmürəm. Yəni, referendum da keçirilə bilər, konstitusiyada da nə isə dəyişdirilə bilər. Bəyəm, Azərbayacanda repressiyalar ancaq referendumlar ərəfəsibdə olub? Azərbaycanda repressiya daimi bir prosesdir. Bu il, ötən il ərzində nə qədər adamların həbsinin şahidi olmuşuq? İnzibati həbslərin şahidi olmuşuq. Ötən müddət ərzində deyək, “Mətbuat haqqında” qanun qəbul edilib. Bu mətbuatın repressiyasıdır. “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. Bu siyasi partiyaların repressiyasıdır. Beş min imza ilə bağlı reyestr məsələsi ortaya atılıb. Bu siyasi partiyaların boğulması ilə bağlıdır. Yəni, repressiyaları referendumlarla, hər hansı bir siyasi kampaniyalarla bağlamaq, mənə elə gəlir ki, onu bir az yüngülləşdirməkdir. Nəticə etibarı ilə sadəcə olaraq əvvəlkilərlə müqayisədə, belə deyək, repressiyalar daha da şiddətlənib. Çünki hazırda cəmiyyətdə avtoritarizmdən totalitarizmə keçid mərhələsi baş verir. Bu siyasi mənzərəyə diqqət yetirsək, Əliyev rejimi əvvəllər regional dayaqlar üzərində otururdu, indi ailə dayaqları üzərində oturur. Faktiki olaraq son hadisələrlə regional dayaqlar uçuruldu. O, ailə dayaqlarına keçirildi. Bu yeni bir prosesdir. Əslində 2020-ci ilin parlament seçkilərində bunu etmək istəyirdilər. Onda nə isə baş verdi. Bunu etmədilər. Amma, görürsünüz, kadrların mütləq əksəriyyəti Paşa Holdinqdən seçilir. Əvvəl bu qaydada deyildi və xüsusilə 44 günlük müharibədəki qələbədən sonra İlham Əliyevdə elə bir eyforik psixoloji hal müşahidə edilməyə başaldı ki, amma cəmiyyətin gözləntiləri var idi ki, müharibədə qələbə insanların həyatını yaxşılaşdıracaq, yaşayışını yaxşılaşdıracaq. Tamamilə əks mənzərə yarandı. Repressiya genişləndi.

Amerikanın Səsi: Rəsmi məlumatda Qubad İbadoğlunun həbsi "feto" (Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları) ilə əlaqələndirilib. Sizcə bunun real əsasları varmı?

Cəmil Həsənli: Bilirsiniz, "feto" məsələsi ümumiyyətlə Azərbaycan üçün ciddi bir başağrısıdır. Azərbaycanda "feto"gizli fəaliyyət göstərməyib. Faktiki olaraq Azərbaycandakı "feto" şəbəkəsi dövlətlə iç-içə olub. Qarşılıqlı xidmət əsasında fəaliyyət göstərib. Məsələn, SOCAR şirkəti başdan-ayağa "feto"nun içində olub və yaxud "feto" başdan-ayağa SOCAR-ın içərisində olub. Prezident Aparatında kifayət qədər geniş bir dairə "feto" şəbəkəsinin içərisində olub. Milli Məclis də həmçinin, Azərbaycanın təhsil sistemində "feto" şəbəkələşib. Bir fakt deyim, məsələn, Qafqaz Universiteti var idi. Qafqaz Universitetinə Azərbaycan hakimiyyəti 40 hektar sahə ayırmışdı. Azərbaycanda olan bütün universitetlərin üst-üstə, hamısının bir yerdə 40 hektar sahəsi yoxdur. Bu torpağı Qubad İbadoğlu verməmişdiki? Bunu Azərbyacan Nazirlər Kabineti vermişdi. Müvafiq dövlət qurumları vermişdi. Yadınızda deyil ki, məsələn, Qafqaz Universitetinin, “Çağ” Öyrətim qrupunun və Xəzər televiziyasının proqramalarında çıxış edənlərin mütləq əksəriyyəti dövlət və hökumət qurumlarında işləyənlər idi. Məsələn, televiziyadan izləmişəm, Fətullah Gülən haqqında pafosu, “o böyük insan”, nə bilim “əlçatmaz, uca varlıq” kimi sözləri rəsmi adamlar, Qafqaz Univesitetinin və ya “Çağ” Öyrətim qurumunun tədbirlərində bu ifadələri işlədirdilər. "Feto"nun Azərbaycandakı kitabı YAP-ın Siyasi Şurasının üzvü Zahid Qaralovun redaktorluğu ilə çap olunub. Yəni, "Feto"nun funksiyası Azərbaycan hakimiyyətinə xarici dəstəyi təşkil etmək, Azərbaycan hakimiyyətinin öhdəliyi ölkə içərisində onların azad fəaliyyətinə şərait yaratmaq idi. 2013-cü ilin seçkiləri ərəfəsində Amerika konqresmenlərinin buraya gətirilməsi. Heydər Əliyev Mərkəzində onların forumunun təşkil edilməsi, gedəndə onlara qiymətli hədiyyələrin qoyulması və etika komitəsində bütün bu hadisələri araşdırıb rüşvət faktı kimi qiymətləndirilməsi hadisəsi olub. Bunu "feto" şəbəkəsi təşkil etmişdi.

Amerikanın Səsi: Bir sıra müşahidəçilər Qubad İbadoğlunun həbsini Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsil Fondunun təsis edilməsi ilə əlaqələndirir. Bu barədə nə deyə bilərsiniz? Təhsil Fondunun təsisçilərindən biri kimi bu qurumun fəaliyyətinin sonrakı istiqamətlərini necə proqnozlaşdırırsınız?

Cəmil Həsənli: Bu suala görə təşəkkür edirəm. Ancaq bundan əvvəlki sualda bir detal qaldı. Daxili İşlər Nazirliyinin Qubad bəyin həbsi ilə bağlı açıqlaması. İyul ayının 23-də Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Qubad bəyin "feto" şəbəkəsinin işi ilə bağlı saxlanıldığı cəmiyyətə açıqlandı. Amma, məhkəmə tamam ayrı qərar qəbul etdi. Yəni, saxta pul kəsilməsi, onun dövriyyəyə verilməsi ilə bağlı Qubad bəy saxlanılıb. Belə çıxır ki, rəsmi dövlət orqanı Qubad bəy barədə yalan məlumat yayıb. Buna görə də heç kəs üzr istəmədi. Bu nədir? Adamın həbsi üçün informasiya hazırlamaq, ictimai fikrə təsir etmək, adamı alçaltmaq, ləyaqətini aşağı salmaq və cəmiyyətdə o qədər yaxşı imici olmayan "feto" şəbəkəsində bir Azərbaycan ziyalısını, bir Azərbaycan alimini, bir Azərbaycan vətənpərvərini günahlandırmaq deməkdir.

Sizin sualınıza gəldikdə isə bu başıbəlalı fondun qeydiyyatdan keçdiyi cəmi bir aydır. Bu iyunun 27-də qeydiyyatdan keçib. Yəni, bu fondun varlığının yeganə əlaməti onun qeydiyyat kağızıdır. Bu qeydiyyat kazğızından başqa ortalıqda heç nə yoxdur. Çünki təsisçilər fond işlədə bilməzlər. Məsələn, Qubad bəydir, Arif bəydir (Arif Məmmədov, Azərbaycanın siyasi sığınacaq almış Avropa Birliyindəki keçmiş səfiri), mənəm, biz təsisçilərik. Biz fondu işlədə bilmərik. Fondun gərək icraçı direktoru olsun. Fondun gərək bordu (İdarə Heyəti) olsun. Yəni fondu idarə edən kollektiv bir qurum olmalıdır. Bunların heç biri hələ yoxdur. Nə bord seçilib, nə icraçı direktor var. Nə də hələ fonda ianə kimi bir pens belə vəsait keçirilməyib. Ümumiyyətlə fond fəaliyyət göstərmir. Fəaliyyət göstərməyən bir fondun fəaliyyətindən bu qədər əndişələnməyin doğrudan da mənasını mən bilmirəm. Qərb ölkələrində, özəlliklə Britaniyada xeyriyyə fondları kifayət qədər geniş yayılmış bir təşkilatdır. Bunlar elm, təhsil, mədəniyyət, uşaq evləri, yaşlı insanlarla bağlı işləyir. Mən pandemiya dövründə Britaniyada yaşamışam. Yaşlı insanlara bu cür xeyriyyə fondlarının necə fədakarlıqla xidmət etdiyinin şahidi olmuşam. Ən geniş yayılmış xeyriyyə fondlarından biri də təhsillə, elmlə bağlı xeyriyyə fondlarıdır. Bunlar ianələr əsasında fəaliyyət göstərir. Qərb həmişə bunu stimullaşdırır. Nə mənada? Vətəndaş öz gəlirindən müəyyən bir məbləğ bu tipli xeyriyyə fondlarına ödəniş edirsə, o məbləğ onun vergi ödənişlərindən çıxılır. Vətəndaş bilir ki, ilin sonunda vergilərini ödəyəndə xeyriyyə fonduna ödədiyi məbləğ onun vergisindən azaldılır. Yəni, faktiki olaraq vətəndaş bununla bir şey itirmir. Amma xeyriyyəçilik qazanır. Cəmiyyətdə ona münasibət çox yaxşı olur. O öz hesabatında yazanda ki, təhsil fonduna, uşaq fonduna, nə bilim qocalar fonduna bu qədər məbləğ ödəyib, həm həmin məbləğ özünə qayıdır, həm də cəmiyyətdə bir xeyriyyəçi imici olur. Ona görə, bizimkilər fond deyəndə təhsil, elm fikirləşmirlər. Fond bunlarda ancaq pul assosiasiyası yaradır. Bunların bu qədər qəzəblənməsinin səbəbi də budur. Ötən bir neçə gün ərzində mənim bildiyim qədər 5 deputat buna qarşı çıxış edib, - Tahir Kərimli, Aydın Mirzəzadə, Elşən Musayev, Ceyhun Məmmədov və Fəzail Ağamalı. Yeri gəlmişkən deyim ki, bu çıxışların hamısında hakimiyyətə və hüquq mühafizə orqanlarına tədbir görülməsi, bunun qabağının alınması, burada haradasa bir dələduzluq əlamətlərinin olması, Soros-dan (Açıq Cəmiyyət İnstitutu nəzərdə tutulur-red) maliyyə yardımı və başqa çağırışlar var. Mən bir müddət Soros təşkilatında bordun üzvü olmuşam. Bordun üzvü olanlara aylıq 200 dolar rəsmi maaş verilirdi. Hansı ki, o zamanlar Azərbaycanda orta əmək haqqı 70-80 dollar idi. Mən rəsmən rəhbərliyə ərizə yazıb aylıq 200 dollardan imtina etmişəm ki, könüllülük əsasında işləmək istəyirəm. Hansısa bir ödəniş əsasında işləmək istəmirəm. Yəni, mən özümə halal çatacaq əmək haqqını almaqdan imtina etmişəm, indi gedib gizli yollarla Soros fondundan maliyyə yardımı almalıydım? Yeri gəlmişkən deyim ki, Azərbaycana göstərilən maliyyə yardımlarının 90-95 faizi hökumət təşkilatlarına göstərilir. Məsələn, hüquqi islahatlarla bağlı, penitensiar xidmətlə bağlı, sosial proqramlarla bağlı, təhsil proqramları ilə bağlı, bunların böyük bir hissəsi dövlət təşkilatlarına göstrilir. Soros fondu olsun, o biri fondlar olsun. Corc Sorosla Heydər Əliyev və İlham Əliyev görüşüb. Mən ömrümdə Sorosu görməmişəm.

Qeyd: Bunlar Milli Şuranın sədri Cəmil Həsənlinin fikirləridir. Rəsmi Bakı bir qayda olaraq yerli və beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə insanların qanun qarşısında bərabər olduğunu, vətəndaşların iradəsinə görə təqib edilmədiyini, fundamental hüquqların tam təmin edildiyini bildirir.

Azərbaycan rəsmi olaraq Ankara hökumətinin Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham etdiyi, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarını terrorçu təşkilat kimi tanımayıb. Bununla yanaşı, müsahibədə adı çəkilən Qafqaz Universitetinin adı dəyişdirilib, bu universitetin müəllim heyəti demək olar ki, tamamilə dəyişdirilib. Adı çəkilən “Çağ” Öyrətim qurumu da fəaliyyətini dayandırıb. Azərbaycanda Gülən hərəkatı ilə əlaqəli olan bir sıra insanlar Türkiyəyə təhvil verilib.

Forum

XS
SM
MD
LG