Accessibility links

Ailəsi Qubad İbadoğlunun saxlanma şəraitindən narahatdır


Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)
Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)

“Qardaşım Qubad İbadoğlunun səhhəti ilə, saxlanma şəraiti ilə bağlı narahatıq. Ona göndərdiyimiz sovqatda su götürmürlər. Qubad ağır şəkər xəstəsidir. Gündə dəfələrlə su içir. O, məcbur olub krantdan gələn çirkli su içir.”

Bunları Qubad İbadoğlunun qardaşı Qalib Bayramov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamera iki nəfər üçün nəzərdə tutulduğu halda orada beş nəfər saxlanılır.

“Adam sayı çox olduğundan kameranın havası ağırdır. Bu səbəbdən də onun təzyiqi aşağı düşmür. Təzyiq ölçən, şəkər ölçən aparatları isə qəbul etmirlər. Şəkərlə bağlı bəzi dərmanlarını da qəbul etmirlər. Kameranın kanalizasiya sistemində antisanitariyadır. Qorxuruq ki, mikrob düşsün. Bizə deyirlər, həftədə beş kiloqram sovqat apara bilərik. Beş kiloqram sovqatda nə apara bilərik ki, bir həftə ərzində ona çatsın. Şəkər xəstəsi olduğundan onun yeməkləri dietikdir. Su ümumiyyətlə qəbul etmirlər,” Qalib Bayramov bildirib.

Qalib Bayramov: Qardaşımın saxlanma şəraitindən narahatıq
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Bazar ertəsi vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə bir neçə saat görüşdə olub. Vəkil İbadoğlunun ailəsinə bildirib ki, onun səhhətində ciddi dəyişiklik yoxdur.

“Vəkil həmçinin təcridxananın rəhbərliyi ilə görüşüb. Ona söz veriblər ki, sabahdan İbadoğluya sovqat qəbulunda məhdudiyyət olmayacaq, dərmanlar və su buraxılacaq. Onun saxlanma şəraiti ilə bağlı dedikləri də aradan qaldırılacaq. Sabah, avqustun 1-də Qubad İbadoğlunun ailəsi ilə görüş günüdür. Sabah təcridxana rəhbərliynin dediklərinin həqiqətə uyğun olub-olmadığı bəlli olacaq,” Qalib Bayramov Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, Qubad İbadoğlu Bakı istintaq təcridxanasında qanunvericiliklə nəzərdə tutulmuş, beynəlxalq tələblərə cavab verən kamerada saxlanılır.

“Səhhəti həkimlər tərəfindən nəzarətdədir, təzyiqi və şəkəri vaxtaşırı yoxlanılır, lazımı dərman preparatları ilə təmin edilir. Ailə üzvləri tərəfindən gətirilən sovqatlar və dərmanlar qəbul edilir, mütəmadi olaraq yaxınları ilə telefon vasitəsi ilə əlaqə saxlayır, vəkili ilə konfidensial şəraitdə görüşür. Saxlanma şəraiti ilə bağlı​ bu günədək onun tərəfindən təcridxana rəhbərliyinə hər hansısa müraciət daxil olmayıb.” ​

İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib ki, ailə üzvlərininin Qubad İbadoğlunun saxlanma şəraiti ilə bağlı sosial şəbəkələrdə bir-birinə zidd paylaşımları anlaşılan deyil.

İyulun 31-də Nərimanov rayon Prokurorluğunda Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın polis zorakılığı ilə bağlı şikayətinin araşdırılmasına başlanıb.

“Bu gün, iyulun 31-də İradə Bayramova Nərimanov rayon Prokurorluğunda ifadə verib. O, xəsarətlərinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib,” Qalib Bayramov Amerikanın Səsinə deyib.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG