Accessibility links

Nüfuzlu universitet Azərbaycan hökumətini dərhal Qubad İbadoğlunu azad etməyə çağırır


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Cümə axşamı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) həbsdə olan Qubad İbadoğlunun həbsi ilə bağlı bəyanat yayıb.

Dünya nüfuzlu məktəb İbadoğlunun həbsindən dərin narahatlığını ifadə edib:

"Doktor İbadoğlu yaxşı idarəçilik, şəffaflıq və keyfiyyətli akademik fəaliyyətə sadiqliyi ilə beynəlxalq aləmdə tanınır. O, Departamentdə baş qonaq tədrisçi kimi LSE-nin akademik cəmiyyətinin çox hörmətli üzvüdür. Biz onun həbsi zamanı və ondan sonra zorakılıq halları ilə bağlı xəbərlərdən narahatıq və həmçinin onun təcili olaraq dərmanlara çıxışa ehtiyacı olduğunu bilirik."

LSE Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.

"Biz Azərbaycan hakimiyyətini öz ölkəsinin konstitusiyasına və beynəlxalq öhdəliklərə sadiq olduğunu nümayiş etdirərək, doktor İbadoğlunu dərhal azad etməyə çağırırıq. Daha sonra İbadoğlunun səhhətinin monitorinq edildiyini və onun dərmanlara tam çıxışı olduğunu tez bir zamanda təsdiqlənməsini istəyirik," bəyanatda deyilir.

LSE akademik azadlığı və söz azadlığını dəstəkləyən hər kəsi İbadoğlunun sağ-salamat azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətindən bu təcili tələbə qoşulmağa çağırdığını bəyan edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

XS
SM
MD
LG