Accessibility links

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirlikləri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıb


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

“Biz hörmətli beynəlxalq səviyyəli alim, Doktor Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirik. Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Doktor İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir”.

Bu barədə ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın və Fransanın Bakıdakı səfirliklərinin iyulun 27-də yaydığı birgə bəyanatda deyilir.

“Biz Azərbaycan hökumətini Doktor İbadoğlunun dərman vasitələrinin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmasını təmin etməyə çağırırıq” - sənəddə qeyd edilir.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

XS
SM
MD
LG