Accessibility links

ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun saxlanıldığı bildirilir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova məlumat yayıb. O, atasının Sumqayıta gənclərlə görüşə gedərkən saxlanıldığını bildirib.

"Polislər partiyanın ofisində də axtarış aparırlar", Jalə Bayramova qeyd edib.

ADR Partiyasının İdarə Heyətinin üzvü Ellada Məmmədova Qubad İbadoğlunun bu gün saat 1-2 radələrində Novxanı-Sumqayıt yolunda həyat yoldaşı ilə birgə saxlanıldığını deyib. Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovaya da bu barədə məlumat verilib.

Ellada Məmmədova bildirib ki, Qubad İbadoğluna qarşı cinayət işi açıblar.

"Bu barədə mənə qardaşı Qalib Toğrul dedi. Qubad bəyi ofisə aparırlar, orada axtarış aparılacaq. Həyat yoldaşının iştirakıyla da mənzilində axtarış aparılacaq", o deyib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.


O qeyd edib ki, araşdırma aparılır və əlavə məlumat veriləcək.

XS
SM
MD
LG