“Qubad İbadoğlunun həbsini diqqətlə izləyirik. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır.”
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsin vəzifəni icra edən Salman Hacı qeyd edib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.