Accessibility links

Vəkil: Qubad İbadoğlu şahid qismində saxlanılır


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu şübhəli şəxs qismində saxlanılıb.

“Onun saxlanılması iyulun 24-dən, gecə saat 00:10-dan hesablanır. Sabah istintaq hərəkətləri davam etdiriləcək. Ona qarşı Cinayət Məcəlləsinin 204.1-ci (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb”, o bildirib.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlu pulların ona məxsus olmadığını bildirib.

“Dedi ki, həbs olunması ona da müammalı gəlib, nə məqsəd daşımasını bilmir. Bildirdi ki, o evlə bağlılığı yoxdur, sadəcə sənəd üstündə ev onun adınadır. Ümumiyyətlə, Anar Əliyev adlı şəxsi tanımadığını dedi”, Zibeydə Sadıqova qeyd edib.

Vəkil bundan öncə Qubad İbadoğlunun Anar Əliyev adlı bir nəfərin şikayəti əsasında saxlanıldığını bildirib.

“Anar Əliyev söyləyib ki, Qubad bəy ona ABŞ dolları verib”, vəkil Zibeydə Sadıqova deyib.

O həmçinin jurnalistlərin Qubad İbadoğlunun evindən 40 min ABŞ dolları götürülməsi ilə bağlı məlumatların doğru olub-olmaması barədə sualının cavabında deyib ki, sadəcə axtarış aparılan evin sənədləri Qubad İbadoğlunun adınadır.

“O, uzun müddətdir Azərbaycanda yaşamır. Ölkəyə yeni daxil olub. Bəli, evdən pul tapılıb. O pulun Qubad bəyə aidiyyatı yoxdur. Ev sadəcə onun adınadır. Etiraz etmişik, axtarış protokoluna da qeydlər etmişik”, vəkil bildirib.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov jurnalistlərə deyib ki, iyulun 23-də Qubad İbadoğlunun adına olan mənzilin qapısının qıfıllarından birini onun açarı ilə aça bilməyib.

Qapını aça bilmədik. Qapının iki qıfılı var. Onlardan yuxarı hissədə olan qıfıl açılsa da, aşağı hissədə olan qıfıl açılmadı. Mən Qubad bəyə zəng etdim. O dedi ki, günorta özü gələcək. Mən fikirləşdim ki, məndəki açar dublikatıdır, ona görə ilişir. Çox çalışıdım, ancaq qapını aça bilmədim. Hesab edirəm ki, evdən nə isə tapılıbsa, əvvəlcədən oraya qoyulub və saxta ittihamı əsaslandırmaq üçündür. Mən bilirəm ki, Qubad bəyin hər hansı fetoçu ilə əlaqəsi yoxdur. Qubad bəy Azərbaycanı sevən, ölkənin sosial rifahının inkişafı üçün çalışan ləyaqətli insanlardan biridir”, o qeyd edib.

Daxili İşlər Nazirliyi bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə “fetoçular” (Türkiyə hakimiyyəti Gülən tərəfdarlarını FETÖ adlandırır) ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

“Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qubad İbadoğlunun saxlanması Azərbaycan ictimaiyyəti tərəfindən tənqidlərlə qarşılanıb. Çoxsaylı tanınmış ziyalılar, ictimai və siyasi xadimlər ona verilən ittihamı qəbul etmir.

XS
SM
MD
LG