Accessibility links

"Həbsxanada Qubad İbadoğluna nə ərzaq, nə də paltar verməyə icazə verirlər"


Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu
Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu

İyulun 25-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən apellyasiya şikayəti verilib. Bu barədə onun qardaşı Qalib Toğrul Amerikanın Səsinə məlumat verib.

Onun sözlərinə görə, hələlik, apellyasiya məhkəməsinin vaxtı təyin olunmayıb. O güman edir ki, məhkəmə prosesi növbəti həftəyə təyin olunacaq.

Qalib Toğrul bildirib ki, Bakı İstintaq Təcridxanasında həbsinin karantin müddəti olduğu üçün görüşə icazə verilməyib.

"Biz Qubad bəyə paltar və ərzaq vermək istəyirdik, çox təəssüf ki, onları da qəbul etmədilər. Təcridxananın qapısında duran adam dedi ki, onun adı sistemə salınmayıb, yəni, demirlər ki, o burada yoxdur, deyirlər, onun adı sistemə daxil edilməyib. Bizə dedilər ki, ola bilsin, bu proses ya 2 gün, ya da 5 gün çəksin", o deyib.

Qalib Toğrul hesab edir ki, bu davranış Qubad İbadoğluna qarşı psixoloji təzyiq vasitəsidir.

"Ərzaq bir yana, hətta paltarları belə qəbul eləmirlər. Hamı bilir ki, Bakı İstintaq Təcridxanasında həftədə bir neçə dəfə pulunu verib ərzaq və əşyalar keçirmək olur. Lakin çox təəssüf ki, bizdən qəbul eləmirlər. Biz qeyri-rəsmi yollardan öyrəndik ki, orada olan hamıya Qubad bəyin yanına hər hansı bir şeyin keçiriləcəyi təqdirdə, həmin adamın cəzalandırılacağı bildirilib" - deyə, o qeyd edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Qubad İbadoğlunun həbsi

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG