Accessibility links

“Human Rights Watch” Qubad İbadoğlunu azad etməyə çağırır


Qubad İbadoğlu
Qubad İbadoğlu

“Human Rights Watch” insan hüquqları təşkilatı Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, iqtisadçı alim Qubad İbadoğluya qarşı “şübhəli ittihamlar”ı ləğv etməyə çağırır.

Bu barədə təşkilatın 25-də yaydığı bəyanatda deyilir.

“Qubad İbadoğlunun həbsi Azərbaycanda uzun müddətdir hökumətin tənqidçilərinə qarşı şübhəli ittihamların irəli sürülməsi praktikasına uyğundur. Bu cür saxta ittihamlar yalnız bir məqsədə xidmət edir – ölkədə müxalifəti və tənqidi səsləri susdurmağa”, təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib.

O qeyd edir ki, Qubad İbadoğlu dərhal azadlığıa buraxılmalıdır.

Saxlanma zamanı polis Qubadoğlu və həyat yoldaşı ilə pis rəftar edib. Hakimiyyət ona qarşı ittihamları ləğv edərək onu azad etməlidir,

“Human Rights Watch”un iyulun 25-də yaydığı bəyanatda deyir.

“Human Rights Watch” qeyd edir ki, məhkəmənin siyasətçi barədə həbs qətimkan tədbiri seçməsi, bu zaman cinayətin ağırlığını əsas gətirməsi Avropa İnsan Haqları Konvensiyasına ziddir. Məhkəmələr həbsi yalnız sonuncu tədbir kimi seçməlidir, bu zaman təqsirləndirilənə aid xüsusi faktlara və şəxsi şəraitə əsaslanmalıdır.

“Human Rights Watch” bəyanatında Qubadoğlunun bu ilin iyununda Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu yaratmasını xatırladır.

Təşkilatın bəyanatında deyilir ki, o, “Facebook”da yazıb ki, fond ianələr və korrupsioner elitanın xaricdə müsadirə olunmuş aktivləri vasitəsilə maliyyələşdiriləcək.

Bu fond məsələsi hökumətyönlü mediada qarayaxma kampaniyasının hədəfinə çevrilib.

“Hakimiyyət İbadoğlunu dərhal azad etməli, ona qarşı şübhəli ittihamları ləğv etməlidir. O həbsdə qaldığı müddətdə dərmanları, mümkün ən yüksək standart müalicə ilə təmin olunmalıdır”, Gogia deyib.

İbadoğlunun ailə üzvləri onun səhhətində problemlər olduğunu bildirirlər.

Qubad İbadoğlunun həbsi

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

XS
SM
MD
LG