İyulun 25-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun hüquqlarını ictimai müdafiə komitəsi təsis edilib. Komitənin sədri Milli Şuranın sədri Cəmil Həsənli seçilib. İctimai müdafiə komitəsinə 21 nəfər ictimai-siyasi xadim, hüquq müdafiəçiləri daxildir.
"Qubad İbadoğlu Azərbaycan hakimiyyətinin yeni yarana biləcək siyasi qüvvədən, liderdən çəkindiyinə görə həbs olunub".
Bu barədə bu gün ADR Partiyasının sədr müavini Ədalət Yusubov İşgəncələr əleyhinə Araşdırmalar Mərkəzində keçirilən mətbuat konfransında bildirib. O, həbsin sifarişli olduğunu deyib.
İbadoğlunun qardaşı Qalib Toğrul bildirib ki, Baş Prokurorluğun təqdimatı ilə vəkil Zibeydə Sadıqova ilə bağlı Vəkillər Kollegiyasına şikayət olunub.
"Güya Zibeydə xanım istintaq sirrini yayıb. Ona görə də vəkillərin sayını artırmaq qərarına gəldik", o qeyd edib.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının fikrincə, həbslər davam edəcək və rejim avtoritardan totalitara doğru gedir.
"Qubad bəyin həbsi yalnız onun tənqidi fikirlərilə, partiya sədri olduğu və tələbələr üçün yaratdığı fondla bağlı deyil. Hökümət post-Putin dönəminə hazırlaşır və fəalları, siyasətçiləri sıradan çıxarır. Cəmiyyət və müxalifət bu dönəminə hazırlaşmalıdır", o qeyd edib.
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, İbadoğlu həbs olunarkən həbsin sifarişçisinin adını özü deyib.
"Dedi ki, bu İlham Əliyevdir. Bu, həqiqətən belədir. Axı necə ola bilər ki, dünyanın ən aparıcı universitetlərində öz tələbələrinə halal yol ilə pulu necə qazanmağın yollarını öyrədən professor saxta pul kəsməkdə ittiham olunur? Qubad bəyə qarşı irəli sürülən ittiham o qədər gülüncdür ki, bunu bütün cəmiyyət bilir", Həsənli qeyd edib.
Hüquq müdafiəçisi Rüfət Səfərov hesab edir ki, Qubad İbadoğlu tanınmış iqtisadçı və ciddi siyasətçi kimi hakimiyyət üçün "baş ağrısına" çevrilib.
"Qubad bəyin işğaldan azad edilmiş torpaqlarda aparılan işlərin korrupsiya səviyyəsi ilə bağlı ciddi araşdırmaları var".
O, hesab edir ki, effektiv iş görən genişlənmiş müdafiə komitəsini yarartmaq lazımdır, ziyalıları, ictimai fəalları işə cəlb etməyə, Qərb institutları ilə sıx əlaqədə olmağa ehtiyac var.
Qubad İbadoğlunun həbsi barədə qısa məlumat
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.
Milli Şuranın bəyanatı
Demokratik Qüvvələrin Milli Şurası ADR Partiyasının lideri Qubad İbadoğlunun həbsinə etiraz olaraq iyulun 25-də yaydığı bəyanatda deyilir ki, iqtisad elmləri doktoru Qubad İbadoğlunun "Bandotdel" işçiləri (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) tərəfindən “zorakı yolla saxlanılması hüquq adına rəzalətdir”.
“Qubad bəy 3 həftədir Bakıya gəlib. Onun 3 həftə ərzində mütəşəkkil cinayətkar dəstə yaradıb saxta dollar istehsalatını işə salması və kəsdiyi saxta pulun 40 minini də ofisdə saxlamasını iddia etmək absurddur. Qubad bəyin ailə üzvləri ofisə müdaxilə olduğunu və yarıya qədər saxta əskinaslardan ibarət olan 40 min dolların öncədən ofisdə yerləşdirildiyini bildirirlər.
Ölkənin tanınmış iqtisadçısına, nüfuzlu ziyalısına, partiya liderinə qarşı belə natəmiz əməllərdən istifadə edilməsi sözün tam mənasında biabırçılıqdır. Milli Şura bu qanunsuzluqlara və zorakılıq aktına öz etirazını bildirir”, sənəddə deyilir.
Milli Şura hesab edir ki, Qubad İbadoğlunun həbsi ilk növbədə onun Azərbaycan hökumətinin yeritdiyi siyasi, iqtisadi və sosial siyasətinə tənqidi münasibəti ilə bağlıdır.
“Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir. Qubad bəy ilk gündən "sülhməramlı" adı ilə rus qoşunlarının Azərbaycana qaytarılmasına qarşı mövqe ortaya qoyub, Qarabağın azad olunmuş ərazilərində həyata keçirilən sosial və infrastruktur layihələrində korrupsiya faktlarının olduğunu üzə çıxarıb. Onun müəllifi olduğu "BİZ.tv" ardıcıl olaraq tənqidi mövqeyi ilə seçilib”.
Sənəddə deyilir ki, yeni yaradılmış və Londonda qeydiyyatdan keçirilmiş "Azərbaycan Gənclərinin Təhsil Fondu"nun da hakimiyyəti qəzəbləndirdiyi şübhəsizdir.
“Son həftələr ərzində Milli Məclisin 5 deputatı (Tahir Kərimli, Aydın Mirzəzadə, Elşən Musayev, Ceyhun Məmmədov, Fəazil Ağamalı) hakimiyyət və YAP mətbuatında bu Fonda və onun təsisçilərinə qarşı böhtan kampaniyası aparıb, fonda qarşı tədbirlər görülməsi ilə bağlı hakimiyyət orqanlarına çağırış edilib. Biz Milli Şura olaraq Qubad bəyə qarşı baş verənlər zorakılıq və qanunsuzluğa, onun siyasi sifariş əsasında həyata keçirilən həbsinə etirazımızı bildirir, ona qarşı saxta və qurama ittihamları qınayır, professor Qubad İbadoğlunun bilavasitə siyasi və tənqidçi fəaliyyətinə görə saxlandığını bəyan edir, onun dərhal azad olunmasını tələb edirik", bəyanatda qeyd edilir.
REAL liderinin Qubad İbadoğlunun həbsinə münasibəti
REAL Partiyasının sdəri İlqar Məmmədov Teleqram kanalında yazır ki, Qubad İbadoğlunun həbsini onun yaxınları 3-4 həftə əvvəl Londonda yaratdığı fondla əlaqəli hesab edir.
“İl yarım öncə deputat Cavanşir Feyziyevin adına olan milyonlar korrupsiya ittihamına əsasən London məhkəməsinin qərarı ilə müsadirə ediləndə, çıxışlarımın birində dedim ki, Azərbaycan hökuməti bu vəsaiti təcili geri tələb edərək hər kəsin gözü qarşısında onu ən gözəl işlərə xərcləməsə, gec-tez kimsə ortaya çıxıb bu pulları Azərbaycan xalqının adından istəyəcək. Londonda müsadirəyə qədər addımlamış məhkəmə tapıldısa, vəsaiti Azərbaycan dövlətini təmsil etməyən kiməsə verməyə hazır olanın da bir gün tapılacağını eyni çıxışda demişdim.
Amma dövlətimizin bu vəsaiti geri alaraq hər kəsi razı salacaq yaxşı işlərə xərcləməsi üçün, gərək o, əvvəlcə Cavanşir Feyziyevi Milli Məclisdən çıxarmalı, onunla bağlı hüquqi icraata başlamalı idi. Yoxsa o vəsaiti dövlətə kim qaytarar?” o qeyd edib.
Məmmədov çağırışının eşidilmədiyini bildirir.
“Korrupsiya haqqında London məhkəməsinin qərarını hökumət görməzliyə qoydu. Cavanşir Feyziyev bu yaxınlarda hələ bir orden də aldı”, REAL sədri yazıb.
O hesab edir ki, artıq nəticə göz qabağındadır.
“İyulun 11-də Qubad İbadoğlu Londonda qeydiyyatdan keçirdiyi fondun xaricdə müsadirə edilən Azərbaycan vəsaitlərinə iddialı olduğunu yazdı. Düz iki həftə sonra iyulun 24-də özü Bakıda həbs edildi. Həbsin mahiyyətini ən yüksək ehtimalla bu faktların ardıcıllığı göstərir. Azərbaycan hökuməti səsləndirdiyimiz mövqelərə yuxarıdan aşağı, saymazyana baxdıqca, Qubad İbadolunun həbsi kimi heç kimin xeyrinə olmayan hadisələr baş verməkdə davam edəcək”, Məmmədov qeyd edib.