Accessibility links

"Beynəlxalq Bankda 4,7 milyard manat mənimsəmə olub"


Beynəlxalq Bankın həbsdə olan sədri təkrarən külli miqdarda vəsaiti mənimsəməkdə günahlandırılır
Beynəlxalq Bankın həbsdə olan sədri təkrarən külli miqdarda vəsaiti mənimsəməkdə günahlandırılır

Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyev və 20 şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatında deyilir ki, istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov (Milli Məclisin keçmiş deputatı, hazırda həbsdədir-red), digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə ələ keçirməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanlarının məlumatından

İstintaqla həmçinin, Cahangir Hacıyevin Dünyamin Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

“Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, Dünyamin Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib,” məlumatda qeyd edilir.

Məlumatda göstərilənlərin həcmi barədə təsəvvür yaratmaq üçün bildirək ki, isitintaqın müəyyən epizodlar üzrə araşdırmasının nəticələrinə görə mənimsəmənin ümumi həcmi 4,7 milyard manatdır.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat təsdiq edilib, onun da 11 milyard 364.3 milyon manat Neft Fondundan transfer ediləcək. Beləliklə, ittihamın müəyyən etdityi mənimsəmə 2019-cu il dövlət büdcəsinin təxminən 20 faizi, Neft Fondundan büdcəyə transfertin 41.3 faizi deməkdir.

Beynəlxalq Bank Cənubi Qafqazda ən böyük bank hesab olunub. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev 2015-ci ilin mayından vəzifədən uzaqlaşdırlıb və həmin ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib.

Cahangir Hacıyevvə hazırda London məhkəməsi qarşısında olan həyat yoldaşı Zamirə Hacıyeva
Cahangir Hacıyevvə hazırda London məhkəməsi qarşısında olan həyat yoldaşı Zamirə Hacıyeva

Hacıyev məhkəmədə bütün ittihamları təkzib edib və böyük kreditlərin ayrılması haqqında qərarların Maliyyə Nazirliyinin nəzarəti altında olan, dövlətin adından bankın baş səhmdarı kimi çıxış edən Müşahidə Şurası tərəfindən qəbul edilirdiyini bildirib.

Bank 2017-ci ilin mayında $ 3.3 milyard dollar xarici öhdəliklərinin olduğunu bildirib.

Bununla yanaşı, Hacıyevin həbsindən sonra bank qarşısında yüz milyonlarla dollar problemli öhdəlikləri olan iş adamlarının olduğu məlum olub. Həmin şəxslərin bir çoxu istintaqa cəlb edilib.

Dövlət tərəfindən bankın sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması üçün təxminən 14 milyard manat məbləğində vəsait ayrılıb. Lakin, indiyədək bank özəlləşdirilməyə çıxarılmayıb. Dövlətin ABB-dəki payı 91%-dən çoxdur.

Bank 2017-ci ilin mayında $ 3.3 milyard dollar xarici öhdəliklərinin olduğunu bildirib

2018-ci ildə beynəlxalq mediada Cahangir Hacıyevin Britaniyada yaşayan xanımı Zamirə Hacıyevanın şəxsi təyyarədən istifadə etdiyi, bahalı şərablar aldığı, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən bankın 35 kredit kartından istifadə edərək lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərclədiyi barədə məlumatlar dərc olunub.

Zamirə Hacıyeva Britaniya mediasında həmin ölkədə korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi kimi təsvir olunur.

Onun təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərclədiyi, 55 milyon dollara şəxsi təyyarə aldığı da bildirilir. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

Zamirə Hacıyeva ilə bağlı araşdırma “İzahedilməmiş Sərvət Sərəncamı” adlı qanun layihəsinin qəbulundan sonra başlanıb.

Keçmiş deputat Dünyamin Xəlilov iqtisadi cinayətlərdə ittiham olunaraq 2017-ci il iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə həbsə məhkum edilib.

XS
SM
MD
LG