Cavanşir Feyziyev Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən azad olunub. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədov seçilib.
Bu qərar Milli Məclisin aprelin 15-də keçirilən plenar iclasında qəbul edilib.
Xatıraladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarıb.
Britaniyanın Milli Cinayət Agentliyinin bu il yanavarın 31-də yaydığı məlumatında deyilir ki, geniş araşdırmalardan sonra Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, övladlarından biri Orxan Cavanşirin və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesabın dondurulması sərəncama alınıb.
“Belə ki, müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanın landromatından əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirlər."
Westminster Magistrates Məhkəməsində Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması qənaətinə gəlib.
“Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada çirkli pulların yuyulması ciddi sxeminin mövcud olmasından tamamilə razıdır. İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib”.
Milli Məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilməsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılanıb. Yerli mediada deputatın tənqidinə yönəlmiş çoxsaylı reportajlar yayılıb, sosial şəbəkələrdə geniş müzakirələr açılıb.
Bundan sonra Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Facebook səhifəsində Azərbaycanın bir sıra jurnalistlərini, ictimai xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini hədəfə alan statusla çıxış edib.
O, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.
Feyziyev yazdığı statusda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini, Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu, Milli Şuranın sədri Cəmil Həsənlini, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovu, ictimai-siyasi fəallar Arif Məmmədovu, Bəxtiyar Hacıyevi, Tofiq Yaqublunu, Aslan İsmayılovu “siyasi şarlatanlar”, “milli satqınlar” adlandırıb.
Deputat, həmçinin onu tənqid edən çoxsaylı jurnalistləri “agent, casus, donosçu, sabotajçı, böhtançı, tüfeyli, cibgir, oğru, reket, şər-böhtançı” kimim xarakterizə edib.
O, Qənimət Zahidin, Xədicə İsmayılın, Sevinc Osmanqızının, Həbib Müntəzirin, Sevinc Telmanqızının, Ləman Ələşrəf qızının, Osman Gündüzün, Rauf Arifoğlunun, Bahəddin Həzinin, Əvəz Zeynallının, Eynulla Fətullayevin, Xalid Kazımlının və başqalarının adını çəkib.
Feyziyev qazandığı bütün vəsaitləri şəffaf və qanuni yolla əldə etdiyini, vergiləri ödədiyini bildirib.