Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədrinin həyat yoldaşının Britaniyada sərvətinin mənbəyini açmaqla bağlı məhkəmə qərarından verdiyi şikayət təmin olunmayıb. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın on il ərzində Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinq (20 milyon 825 min 300 dollar) xərclədiyi bildirilir və o, Britaniyada İzaholunmaz Sərvət Sərəncamının (İSS) ilk hədəfinə çevrilib.
Cahangir Hacıyev hazırda mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamları ilə uzunmüddətli həbs cəzası çəkir.
İSS ilk dəfə 2018-ci ilin yanvarında qüvvəyə minib, daha bir adı “McMafiya qanunları” idi. Hacıyeva bu sərəncamların ilk hədəfi oldu.
Fevralın 5-də London Apellyasiya Məhkəməsi 56 yaşlı Hacıyevanın apellyasiya şikayətini rədd edib. Sərəncam onun 2009-cu ildə Londonun Naytsbric rayonunda 11,6 milyon funt-sterlinqə (15 milyon dollar) alınmış malikanəsi və 2013-cü ildə Berkşirdə 10,5 milyon funt-sterlinq (13,5 milyon dollardan artıq) vəsaitə alınmış qolf mərkəzinə qarşı qaldırılıb.
Hacıyeva məhkəməni inandırmağa çalışıb ki, həyat yoldaşının Azərbaycanda məhkumluğunun onun İSS-nın hədəfinə çevrilməsində rolu olub. Məhkəmə bu arqumenti rədd edib.
Qanunla Hacıyeva yeddi gün ərzində Milli Cinayət Agentliyinə bu mülkləri necə əldə etməsi, eləcə də səxavətli xərcləmələrini izah etməlidir.
Pulunun mənbəyini izah edə bilməsə, agentlik onun əmlakını müsadirə edə bilər, qanunvericilikdə belə deyilir.
Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır. Britaniya hökumətinin İzahedilməz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt-sterlinqin yuyulmasına qarşı mübarizə alətidir.
2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası çəkirdi. Ötən ilin il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.