Accessibility links

Avropa İttifaqının nümayəndəsi: Aİ Qubad İbadoğlunun həbsi ilə bağlı baş verənləri diqqətlə izləyir


Qubad İbadoğlu
Qubad İbadoğlu

"Avropa İttifaqı tanınmış alim və fəal Qubad İbadoğlunun həbsi ilə bağlı baş verənləri diqqətlə izləyir".

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti sözçüsü Nabila Massrali Twitter səhifəsində bildirib.

"Biz Azərbaycanı onun dərman vasitələrinə çıxışının olmasını təmin etməyə, onu tez bir zamanda azad etməyə və hüquqlarına, o cümlədən qanuni prosedur hüququna hörmət etməyə çağırırıq", Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti məsələləri üzrə sözçüsü bildirib.

Bu açıqlama ilə bağlı Azərbaycan hakimiyyətindən hələlik şərh almaq mümkün olmayıb.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

XS
SM
MD
LG