Accessibility links

Qubad İbadoğlunun həbsindən verilmiş apellyasiya şikayəti təmin olunmadı


Qubad İbadoğlu
Qubad İbadoğlu

İyulun 28-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu barəsində seçilmiş həbs qətim tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə partiya sədrinin şikayəti təmin olunmayıb.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib, apellyasiya şikayəti də həmin qərardan verilib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlu özü də məhkəmədə çıxış edib:

Vəkil Zibeydə Sadıqova
Vəkil Zibeydə Sadıqova

"Dedi ki, ittihamla yaxından-uzaqdan əlaqəsi yoxdur, tamamilə əsassız ittihamdır. Xahiş elədi ki, qərar ləğv olunsun və dərhal azadlığa buraxılsın. Çox təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin eləmədi və Nərimanov Rayin Məhkəməsinin qərarını qüvvədə saxladı".

Vəkil Qubad İbadoğlunun hələ də ailə üzvləri ilə telefon danışığına şərait yaradılmadığını da qeyd edib.

"Qubad bəy qeyd elədi ki, mən hazıram, bilirəm hara gəlmişəm, bura cəza evidir, əlbəttə ki, orada şərtlər fərqlidir. Şikayəti ailəsi ilə əlaqə saxlaya bilmədiyinə görədir, bu onun üçün çox önəmlidir", deyə Sadıqova bildirib.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun sözlərinə görə, ailə üzvləri onunla hələ də görüşə bilməyiblər:

Qubad İbadoğlunun qardaşı Qalib Torğul
Qubad İbadoğlunun qardaşı Qalib Torğul

"Həbs olunandan bəri onunla təsadüfən "Bandotdel"dən (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) çıxarkən qarşılaşmışam. Ondan sonra heç bir ünsiyyətimiz olmayıb. Bu gün də məhkəmə qapalı keçirildi. O məhkəməyə səhərdən gətirilib, ona görə də dərmanlarını gətirmişdik. Qubad müəllim şəkər xəstəsi olduğu üçün vaxtında yemək yeməlidir, ancaq nə yeməyi, nə də dərmanlarını qəbul elədilər. Bizi ən çox narahat edən onun saxlanılma şəraitidir".

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

XS
SM
MD
LG