İyulun 31-də "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı siyasi məhbusların 204 nəfərin daxil olduğu yenilənmiş siyahısını dərc edib.
İnsan haqları strukturunun əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və bu siyahıya 182 nəfərin adı daxil edilib.
12 nəfərin adı isə siyahıdan çıxarılıb, bəziləri may ayında əfvə düşüb və ya cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.
Eyni zamanda siyahıya 34 yeni ad əlavə olunub.
Onların arasında müxalif siyasətçi və iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, sabiq deputat, ictimai xadim və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də var. Siyahıda yer alan yeni simaların qalanları aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən dindarlardır. Dindar siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.
204 siyasi məhbus 7 qrupa bölünür.
Birinci “jurnalist və bloqer” qrupunda Polad Aslanov, Osman Nərimanoğlu və blogerlər Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Aslan Qurbanov daxil olmaqla 5 nəfər var.
“Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 7 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları - Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, eləcə də yuxarıda adları çəkilən üç yeni şəxs, AXCP üzvü Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu və eks-deputat Nazim Bəydəmirlinin adı var.
“Almaniyadan deportasiya edilən siyasi mühacirlər” qrupunda 5 nəfər var.
Dindarlar qrupuna artıq 147 nəfərin adı daxil edilib.
Siyahıda “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfərin adı var.
Daha 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.
Bu şəxslər 1990-cı illərin ortalarında OPON qiyamına və digər cinayətlərə görə həbs edilərək ölüm cəzasına məhkum ediliblər. Ölüm hökmü ləğv edildikdən sonra onlara avtomatik olaraq parlamentin qərarı ilə ömürlük həbs cəzası kəsilib. Hərçənd həbs olunduqları zaman edamın alternativi 15 il həbs cəzası idi. Hüquq müdafiəçiləri hesab edirlər ki, qanunun geriyə qüvvəsi olmadığı üçün həmin şəxslər həbsdən azad edilməlidir.
2018-ci ilin noyabr ayından "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqının siyahısı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilir. İlk dəfə olaraq siyahıda 200-dən çox adam yer alıb.
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.
“Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib”, o qeyd edib.
Onun fikrincə, tanınmış ictimai-siyasi xadim, professor Qubad İbadoğlunun həbsi tamamilə əsassızdır.
“Əslində Qubad İbadoğlunun və tənqidçilərin həbsi həbs deyil, cəzadır. Bir sözlə hakim elita ilə fikirləri üst-üstə düşməyən tənqidçilər və dindarlar cəzalandırılıb. Bütün bu həbslər Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ) ilə ziddiyyət təşkil edir”, hüquq müdafiəçisi deyib.
Həsənov hesab edir ki, artıq ölkə "qanunla yox güclə idarə edilir".
“Yəni qanundan, haqdan, ədalətdən üstün olan gücdür. Gücün səlahiyyəti istənilən adamı həbs etməyə çatır”, o qeyd edib.
Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.
Forum