Accessibility links

Həbsxanadan məhbus harayı - “hər an təhlükə altındayam”


Abbas Hüseyn (Foto Amerikanın Səsinə Abbas Hüseynin ailəsi tərəfindən təqdim edilib)
Abbas Hüseyn (Foto Amerikanın Səsinə Abbas Hüseynin ailəsi tərəfindən təqdim edilib)

Sosial şəbəkələrdə həbsdə olan dövlət qeydiyyatında olmayan Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseynə aid olduğu bildirilən səs yazısı yayılıb. Səs yazısında özünü Abbas Hüseyn kimi təqdim edən şəxs hər an onu ölüm təhlükəsi gözlədiyini bildirir.

“Hər an təhlükə altındayam. Bu gün olmasa sabah, sabah olmasa beş gün sonra, beş gün sonra olmasa da beş ay sonra məni öldürəcəklərinə şübhə etmirəm. Son beş ayda olduğum həbsxana rəhbərləri tərəfindən beş dəfə ən ağır şəkildə döyülüb işgəncələrə məruz qalmışam”, o qeyd edib.

Abbas Hüseynə aid olduğu bildirlən səs yazısında ağır işgəncələr təsvir edilir.

“Əllərim arxadan qandallanıb yerə yıxılıb döyülmüşəm. Qollarım dəmir koykaya (çarpayı-red) bağlanıb işgəncələrlə döyülmüşəm. Baş vermis qanunsuzluqlardan şikayət etmək üçün bir yol açılsın deyə hələ 7 saylı Cəzaçəkmə müəssisəsində olarkən şikayət etmək tələbi ilə fevral ayında 11 gün su içməkdən imtina edərək aclıq aksiyası etmişəm. Çox çətinliklə şikayətlərimi lazım olan ünvanlara və şəxlərə göndərsəm də baş vermis cinayət hallarına etinasız yanaşıblar”, səs yazısında qeyd edilir.

Səs yazısnda ölkənin “vicdanlı dövlət işçilərinə, vətənini, millətini sevən azad söz sahiblərinə, haqqı bilib qoruyanlara, cəmiyyətin tanınmış siyasət adamlarına, özlərini müstəqil bilən hüquq müdafiəçilərinə, Ombudsmana” bu məsələlərə biganə qalmaması üçün müraciət edilir.

“Sizlərin yardımına və dəstəyinə ehtiyacım var. Biləsiniz ki, olduğum yerlərdə mənə qarşı qərəzli münasibətlər, düşmən rəftarları var. Əsas istədiyim budur ki, bunu biləsiniz ki, əgər mən ölsəm, infarkt keçirsəm, beynimə qan sızsa, həyatımda pis hadisə baş versə səbəbkarları olduğum yerin həbsxana rəisləridir. Penitensiar Xidmətin də rəhbərləridir ki, sifarişi onlar edirlər. Ölümdən qorxmuram. Sadəcə mən öləndən sonra cinayətin gizlədilməsindən narahatam. Bu məsələyə biganə qalmayan şəxslərə təşəkkür edirəm. Allah vicdanla yaşayan insanları qorusun. Əgər buradan sağ çıxsam, fürsət versələr Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə (Vergi Xidməti-red), Səhiyyə Nazirliyinə, bu nazirliyin Sanitariya Epidemiologiya Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə lazım olan müraciətlərimiz çatacaq. Ümid edirəm ki, onlar bu məsələlərə biganə yanaşmazlar. Olduğum həbsxanalarda bu cür qanunsuz rəftarlara etiraz etdiyimə görə qərəzli münasibət görürəm”, Abbas Hüseynə aid olduğu bildirlən səs yazısında deyilir.

Abbas Hüseynin anası Rəhimə Hüseynova Youtube kanalında yayılan səs yazısının oğluna aid olduğunu Amerikanın Səsinə təsdiq edib.

Rəhimə Hüseynova: Oğlumun zülmlər çəkdiyini görürəm
please wait

No media source currently available

0:00 0:02:44 0:00

“Bəli, bəli mənim oğlumun səsidir. O səsi özü yayıb. Mən anası kimi oğlumun zülmlər çəkdiyini görürəm. Dustaqları qaldırırlar üstünə, müdir özü döyür. Oğlumun səsidir”, o qeyd edib.

Rəhimə Hüseynova oğluna qarşı işgəncələrlə bağlı danışarkən deyib ki, ötən il noyabrın 26-da oğlunun karantin müddəti başa çatıb.

"Karantindən gətirdilər 7 saylı Cəzaçəkmə müəssisəsinə, orada ona işgəncə verdilər. Oradan aparıblar Penitensiar Xidmətin Müalicə müəssisəsinə. Bu il martın 14-də Müalicə müəssisəsində oğlumu gördüm, ancaq onu tanımadım. Orada bir az müalicə aldı düzəldi. Sonra orada da döydülər. Buradan da 1 saylı Cəzaçəkmə müəssisəsinə gətirdilər. İndi 1 saylı Cəzaçəkmə müəssisəsində dustaqları onun üstünə qaldırırlar. Orada karsda (Cərimə təcridxanasında) saxlayırlar. Apardığım yeməkləri də o yemir. Onun yanında 11-12 nəfər olur. Həmin dustaqları bunun üstünə qaldırırlar. İndi yenə karsa salıblar”, o deyib.

Rəhimə Hüseynova bildirib ki, dünən, mayın 15-də oğlu evə zəng edib.

“Onun zəng etməsinə də imkan vermirlər. Dünən necə oldusa evə zəng etdi. Dedi ki, onunla birgə olan 5 nəfəri üstünə qaldlırıblar. Yəni oğlumu 5 nəfərlə üz-üzə qoyurlar”, o bildirib.

Rəhimə Hüseynova oğlunun hüquqlarının qorunması üçün Amerikanın Səsi vasitəsi ilə ölkə rəhbərlərinə müraciət edib.

“Dövlət başçısı İlham Əliyev cənablarından, Mehriban xanımdan (Birinci vitse-prezident Mehriban Əliyeva-red) kömək istəyirəm. Hüquq mühafizə orqanlarından, insan hüquqları müdafiəçilərindən, Ombudsmandan xahiş edirəm ki, gedib mənim oğlumun durumunu yoxlasınlar”, Rəhimə Hüseynova qeyd edib.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, Abbas Hüseyn və digər dindarlar 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Saxlanılan şəxsləri Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham ediblər. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələrilə günahkar bilinərək 12 ildən 20 ilədək həbsə məhkum ediliblər. Abbas Hüseyn 20 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri Abbas Hüseyn və onunla həbsdə olan digər fəalları siyasi məhbus kimi tanıyıb. Onların bir çoxu əfv edilib, bəzilərinin həbs müddəti başa çatıb. Hazırda Nardaran hadisələri ilə bağlı həbsə məhkum edilən fəallardan yalnız 5 nəfəri həbsdədir.

Abbas Hüseynin anası Rəhimə Hüseynova mayın 15-də Prezident Administrasiyasının binası yaxınlığında etiraz aksiyası keçirib.

O, həbsdə oğluna işgəncə verilməsinə etiraz edib.

Aprelin 27-də 1 saylı İstintaq Təcridxanasının rəhbərinin təqdimatı əsasında Bakının Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Qobustan həbsxanasına köçürülmə məhbusun şəxsi mülahizələrlə cəzalandırılma formasıdır.

“Məhkəmə 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Abbas Hüseynin Qobustan qapalı həbsxanasına göndərilməsi barədə qərarı intizam təbiri kimi qəbul edib. Ona cəzaçəkmə müəssisəsini dəyişmək və karserə yerləşdirmək yolu ilə də təzyiq göstərilir. Əvvəllər o 7 saylı Cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalıb. Şikayətlərimə baxmayaarq işgəncə faktı araşdırılmayıb. Hesab edirəm ki, indi 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin Abbas Hüseynə qarşı münasibəti qərəzlidir və təzyiq xarakteri daşıyır”, vəkil Amerikanın Səsinə deyib.

O əlavə edib ki, Abbas Hüseynin Qobustan həbsxanasına göndərilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, bu gün, mayın 16-da səhər iş vaxtı başlayandan Abbas Hüseynin sosial şəbəkələrdə yayılan müraciəti ilə tanış olublar.

“Təbii ki, onun əvvəlki müraciətlərinə də vaxtında reaksiya verib araşdırdığımız kimi bu müraciəti də araşdırılacaq”, Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

Penitensiar Xidmətdən Amerikanın Səsinin sorğusuna cavadba bildirblər ki, Abbas Hüseynin müraciəti ilə bağlı Penitensiar Xidmətin cavabı olmayacaq.

Baş Prokuroluğun Mətbuat xidməti Amerikanın Səsinin işgəncə ilə bağlı deyilənlərin araşdırılıb-araşdırılmaması ilə bağlı sorğusuna hələ cavab verməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG