Accessibility links

“'Nardaran işi' ən ədalətsiz və qəddar hökm kimi yadda qalacaq”


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

"Milli Şura “Nardaran işi” üzrə məhkəməni Azərbaycan tarixinin ən rüsvayçı, eyni zamanda ən ədalətsiz və qəddar hökmlə yadda qalacaq proses kimi qiymətləndirir". Bu barədə qurumun bəyanatında deyilir.

2015-ci ilin noyabrın 26-da Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin həyata keçirdiyi xsüsusi əməliyyatdan sonra həbs edilənlərin bir qrupu üzərində 2017-ci il yanvarın 25-də məhkəmə prosesi başa çatıb.

Xüsusi əməliyyat zamanı 2-si polis olmaqla, 6 nəfər öldürülüb. Əməliyyatdan sonra 70-dən çox insan saxlanılıb. Onlardan 18 nəfərin üzərində məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə “Müsəlman Birliyi” Hərəkatının lideri Tale Bağırzadə 20 il, onun müavini Abbas Hüseyn 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il, qalanları 19, 17 və 14 il yarım müddətə azadlıqdan məhrum edilib.

Milli Şura bəyan edir ki, təqsirləndirilən şəxslərin günahsızlığı əslində məhkəmədə sübuta yetirilib və onlara bəraət verilməli, əvəzində Nardaran əməliyyatına göstəriş verənlərin və əməliyyatı həyata keçirənlərin məsuliyyətini araşdırmaq üçün prosesə başlanmalı idi.

“Milli Şura bu iş üzrə barələrində hökm çıxarılanların, eləcə də məhkəmələri başlayan digər iki qrupdakı şəxslərin azadlığa buraxılmasını tələb edir. “Nardaran işi” üzrə birinci məhkəmədə yol verilən pozuntu və qanunsuzluqlara görə məsuliyyət daşıyanların hamısı müvafiq qaydada cəzalandırılmalıdır”, sənəddə qeyd edilir.

Milli Şura bəyan edir ki, bütövlükdə Nardaran əməliyyatının özü kimi, bu məhkəmə hökmü də cəmiyyətdə qorxunu dərinləşdirmək niyyətinə çata bilməyib.

“Bu məhkəmə prosesi ənənəvi demokratik düşərgə ilə ölkədə köklü dəyişikliyin tərəfdarı olan inanclı kəsim arasında etimadın güclənməsinə, onların demokratik və hüquqi dövlət amalı uğrunda ortaq mövqeyə gəlməsinə vasitə olub”.

Milli Şura bir daha bəyan edir ki, Azərbaycanda dinc demokratik dəyişikliyə nail olmaq üçün cəmiyyətin bütün aktiv təbəqələrinin bu məqsəd uğrunda səfərbər olunmasına ehiyac var.

“Yalnız birgə səylərimizlə dünyəvi hüquq dövləti qura biləndən sonra hamımızın maraq və mənafeləri, ideya və fəaliyyət azadlığı təmin oluna bilər. Milli Şura Azərbaycan xalqını ölkədəki haqsızlıq və ədalətsizliyə, o cümlədən Nardaran hadisəsinə görə günahsız insanların həbs olunmasına daha uca səslə etiraz etməyə, demokratiya naminə dinc mübarizəyə daha inamla səfərbər olunmağa çağırır”.

Milli Şura inamını bildirir ki, indiki avtoritar rejim bundan sonra uzun müddətə davam edə bilməyəcək.

“Azərbaycanda köklü demokratik dəyişikliklərin zəruriliyini artıq əhalinin daha geniş təbəqələri dərk edir və bunun uğrunda mübarizəyə qoşulanların sırası genişlənir. Xalqımız tezliklə öz sözünü deyəcək və indi Nardaran hadisəsinə görə həbs edilənlər də, rejimin diğər günahsız qurbanları, bütün siyasi məhbuslarımız kimi, haqq etdikləri azadlıqlarına qovuşacaqlar”, bəyanatda deyilir.

XS
SM
MD
LG