Accessibility links

Oqtay Gülalıyev: Reallıqda kifayət qədər insan həm işgəncəyə məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir


Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində repressiya və işgəncə hallarından danışıb.

Amerikanın Səsi: Bir sıra QHT rəhbərləri son illər ölkədə istintaq altında olan şəxslərə və məhbuslara qarşı repressiya və işgəncə hallarının artdığı barədə məlumatlar yayır. Rəsmi qurumlar isə bu iddiaları təkzib edir. Sizin təşkilat bu hallarla bağlı araşdıma aparıbmı, vəziyyət necədir?

İşgəncə faktları məhkəmə sənədlərində də öz əksini tapıb. Eyni zamanda həyatda, reallıqda kifayət qədər insanlar həm işgəncələrə məruz qalır, həm repressiyalara məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir

Oqtay Gülalıyev: Suala görə çox sağ olun. Təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi həmişə bu istiqamətdə araşdırmalar aparıb. Bilirsiniz ki, yaxınlarda Repressiya və İşgəncələr Əleyhinə Komitənin yaranması ilə bağlı işçi qrupu yaradılıb və bu istiqamətdə işlər gedir. Hesab edirəm ki, bu komitənin yaranması da bu sahədə olan problemlərin mövcudluğundan xəbər verir. Belə ki, sizin də qeyd etdiyiniz kimi, ölkədə son zamanlar repressiyalar və işgəncələr artmaqdadır. Təbii ki, biz araşdırma aparırıq və bizim bu araşdırmalarımız təkcə valideynlərin, həmin şəxslərin yaxınlarının verdiyi məlumatlar əsasında olmur. Məsələn, biz, “Tərtər işi” ilə bağlı apardığımız araşdırmada Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökmlərə istinad edirik. Həmin hökmlərdə azərbaycanlı hərbçilərə birmənalı şəkildə işgəncələrin verilməsi, özü də xüsusi qəddarlıqla və amansızlıqla işgəncə verilməsi və bu işgəncələr nəticəsində, məhz işgəncə verildiyi yerdə dünyasını dəyişməsi ilə bağlı məlumatlar var. Bu məlumatlar qərar, hökm halına salınaraq həmin şəxslərə cəza tətbiq olunub. Düzdür, cəzalar birtərəflidir və adekvat deyil. Amma bu işgəncə faktları məhkəmə sənədlərində də öz əksini tapıb. Eyni zamanda həyatda, reallıqda kifayət qədər insan həm işgəncələrə məruz qalır, həm repressiyalara məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir. Yeri gəlmişkən qeyd edim ki, insanların müəmmalı şəkildə dünyasını dəyişməsi təkcə müxtəlif istintaqlar altında olmur, hətta dövlət qurumlarında, məsələn Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynov adlı şəxs müəmmalı şəkildə dünyasını dəyişir, amma bununla bağlı heç bir araşdırma aparılmır və yaxud da aparılan araşdırmalar yetərli şəkildə olmur. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda müəmmalı qətllər, repressiyalar və işgəncələr artan xətt üzrə davam etməkdədir. Təəssüf ki, bu istiqamətdə atılan addımlar yetərli səviyyədə deyil.

Amerikanın Səsi: Daha çox “Gəncə işi”, “Tərtər işi”, “Nardaran işi” kimi xarakterizə olunan hadisələrlə bağlı tutulan şəxslərin ailə üzvləri və özləri işgəncə hallarından danışır. Bir də siyasi məhbus kimi tanınan şəxslər işgəncələrə məruz qaldıqlarını bildirir. Bu iddialarla bağlı hüquqi və ictimai araşdıma aparılıbmı?

“Gəncə işi”, “Tərtər işi”, “Eurovision məhbusları” və “Nardaran məhusları”. Hər dörd qrupun işində müəmmalı qətllər var.

Oqtay Gülalıyev: Əlbəttə, bayaq da qeyd etdim ki, biz, bu istiqamətdə araşdırmalar aparırıq. Yeri gəlmişkən deyim ki, həm “Tərtər işi” ilə bağlı, söhbət hərbçilərin müəmmalı şəkildə qətlə yetirilməsi və onların kütləvi həbsindən, həm də ağır işgəncələrə məruz qalmasından gedir. Eyni zamanda, keçən ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı olaylardan söhbət gedir. Biz hər iki işlə bağlı geniş araşdırma aparırıq. Eyni zamanda “Nardaran işi” ilə bağlı bizim ayrıca hesabatımız olub. 2012-ci ildə həbs olunmuş “Eurovision məhbusları” ilə bağlı ayrıca araşdırmamız var. Yeri gəlmişkən bildirim ki, biz artıq “Gəncə işi” ilə bağlı hesabat hazırlamağa başlamışıq. Yaxın zamanlarda bu hesabat xalqa təqdim olunacaq. Bütün bu hesabatlarda birmənalı şəkildə işgəncə faktları geniş şəkildə əks olunub. Təəssüf doğuran haldır ki, hər dörd qrup üzrə baş verənlər bir-birinə çox oxşardır. Yəni, “Gəncə işi”, “Tərtər işi”, “Eurovision məhbusları” və “Nardaran məhbusları”. Hər dörd qrupun işində müəmmalı qətllər var. Hər dörd qrupun işində ağır işgəncələr var və ifrat dərəcədə insanlara cəza verilməsi, onların uzun müddətə həbsə məhkum edilməsi halları var. Təəssüflər olsun ki, hər dörd işdə siyasi motiv var. Bu istiqamətdə işlərimizi davam etdiririk. Ümidvaram ki, bu istiqamətdə xeyli ictimai məlumatlandırma olub və bundan sonra da məlumatlar üzə çıxacaq. Bilirsiniz ki, son zamanlar dövlət qurumları artıq bu məsələlərə reaksiya verməyə başlayıb. Mən çox ümidvaram ki, bu problemlər aradan qalxmalıdır. Çünki, ortada insan taleyindən söhbət gedir. Ortada heç bir günahı olmayan insanların qətlə yetirilməsindən söhbət gedir. Bir nümunə deyim, bilirisiniz ki, “Tərtər işi” ilə bağlı qətlə yetirilən ən azından, bizdə olan məlumata görə, 8 nəfərdən 4 nəfərinə bəraət verilib. Deməli, ən azından, bu dörd nəfər günahsız olub. Eləcə də “Gəncə işi” ilə bağlı qətlə yetirilən insanların bir çoxu hadisə baş verən ərəfədə və gündə nəinki Gəncədə, ümumiyyətlə Azərbaycanda olmayıb. Onlara qarşı irəli sürülən xarici ölkələrdə gizlənmə, xarici ölkələrdə olma itithamları da çox şübhəlidir və bir çox hallarda öz təsdiqini tapmır. Həmin şəxslərin ailə üzvləri onların ümumiyyətlə silah gəzdimədiklərini bildirir. Təbii ki, indi birmənalı, bütün məsələlərlə bağlı fikir demək çətindir. Biz araşdırma aparırıq. Araşdırmalarımızı ilkin olaraq dövlət qurumlarına, ictimaiyyətə təqdim edəcəyik. Bizim istəyimiz odur ki, bu istiqamətdə qətllər, repressiyalar, işgəncələr minimuma endirilsin.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Oqtay Gülalıyev: Biz hesab edirik ki, ölkədə fundamental islahatlar aparılmalıdır. Yəni, indiki kimi elan olunan, kağız üzərində qalan yox, sözün gerçək mənasında bütün istintaq orqanlarında, məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalıdır. Həyatımızın özündə, cəmiyyətimizin özündə islahatlar aparılmalıdır. Hesab edirəm, bu, islahatları hakimiyyət aparmalıdır, dövlət səviyyəsində aparılmalıdır. Ciddi islahatlar aparılarsa, Azərbaycanda müstəqil məhkəmə sistemi bərpa olunarsa, onda, biz vəziyyətin yaxşılaşmasına doğru ümiddən danışa bilərik.

Qeyd: Rəsmi Bakı ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Bir qayda olaraq hüquq-mühafizə orqanlarının rəhbərləri işgəncə və repressiya halları ilə bağlı yayılan məlumatları təkzib edir və qərəzli sayır. İnsanların qətlə yetirilməsi ilə bağlı məlumatlara gəlincə, həmin şəxslərin qanuni tələbə tabe olmayaraq silahlı müqavimət gösytərdiyi zaman öldürüldüyü bildirilir.

Eyni zamanda, Baş Prokuroluğun mətbuat xidməti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölümü ilə bağlı araşdırılma aparılması barədə məlumat yayıb.

Tərtər işi"

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılır.

“Gəncə işi”

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb.

Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

“Nardaran işi”

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.

“Eurovision məhbusları”

2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfər həbsdədir. 2013-cü il noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların 3 nəfəri ömürlük, digərləri isə 9 ildən 15 ilədək azadlıqdan məhrum edilib.


İttihama görə, beynəlxalq radikal terrorçu şəbəkənin Azərbaycanda terror aksiyalarının törədilməsi üçün regionda fəaliyyət göstərən Vüqar Padarovla (Azərbaycanda hüquq-mühafizə orqanlarına silahlı müqavimət zamanı öldürülüb) eyni səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeyd" ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror həyata keçirməyi planlaşdırıblar.

Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, ölkənin müxtəlif bölgələrində silahlı qarşıdurma zamanı terroru planlaşdıran dəstənin bir neçə üzvü öldülüb. Atışma zamanı həmçinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, hüquq mühafizə orqanlarının ondan çox əməkdaşı yaralanıb.

Bununla yanaşı, həbsdə olan şəxslər məhkəmələrdə ittihamları qəbul etməyib. Onların yaxınları işgəncələrə məruz qaldıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG