Accessibility links

Arzu Abdulla:Ölkədə öz hüquqlarını tələb edən hər kəsə qarşı bir aqressiya var. İstər dindar olsun, istər olmasın


Dini sahə üzrə ekspert, jurnalist Arzu Abdulla Amerikanın səsinə müsahibəsində Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyəti şərh edib. O, ölkədə dini fəallara qarşı münasibətdən və bu sahədə yaranan problemlərin həlli istiqamətindən danışıb.

Arzu Abdulla: Ölkədə öz hüquqlarını tələb edən hər kəsə qarşı bir aqressiya var. İstər dindar olsun, istər olmasın
please wait

No media source currently available

0:00 0:07:03 0:00

Amerikanın Səsi: Ölkədə dini etiqad azadlığı ilə bağlı vəziyyəti necə qiymətləndirərdiniz? Bu sahədə qanunvericilik dini ritualları sərbəst həyata keçirmək üçün şərait yaradırmı?

Arzu Abdulla: Azərbaycanda deyərdim ki, çox böyük probemlər var din azadlığı məsələsində. Siz yaxşı xatırlayırsınız həm ötən il, həm də 2022-ci ildə nə qədər insanlar, vətəndaşımız məhz dini inancına görə saxlanıldı. Onlardan bəziləri inzibati həbs cəzası aldı, bəziləri cərimləndi. Bəziləri müxtəlif ittihamlarla həbs olundular. Ölkədə dini etiqad azadlığının vəziyyəti yaxşı deyil. Qısa və konkret bunu deyə bilərəm. Amma ümumilikdə götürəndə biz desək ki, bu şərlənənlərin, həbs edilənlərin ümumiyyətlə hamısı sırf dini məsələyə görə həbs olunub, bu da bir az düzgün çıxmır. Ümumiyyətlə ölkədə vəziyyət belədir ki, öz hüquqlarını bilən və tələb edən hər kəsə qarşı bir aqressiya var. İstər dindar olsun, istər inanclı olmasın.

Amerikanın Səsi: Ölkədə dindarlar hansı problemlərlə daha çox üzləşir?

Arzu Abdulla: Dindarların ən çox üzləşdiyi problemlərdən biri hicab azadlığıdır. Bilirsiniz ki, hicablı xanımlara hicabla vəsiqə şəkli çəkdirməyə icazə verilmir. Biz bu barədə ASAN xidmətdən izahat tələb edəndə bunun səbəbini də izah etmirlər. Çünki Azərbaycan Konstitusiyasında, beynəlxalq konvensiyada belə bir qadağa yoxdur. Digər bir problem də məscidlərə müəyyən limitin qoyulmasıdır. Dini rituallara qarşı hökümətdə bir aqressiya var. İnanclıların dini rituallarını yerinə yetirməsinə icazə vermirlər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi gedir Elman Şeydayevin. Siz bilirsiniz ki, o sadəcə ehsan süfrəsi verdiyinə görə həbs olunub. Evində bir balaca mərasim düzənlədiyinə görə həbs edilib. Deməzdim Azərbaycanda inanclıların vəziyyəti yaxşıdır və dini etiqad azadlığı tam normaldır, ürək açandır, bu, qətiyyən belə deyil.

Amerikanın Səsi: Bir çox hüquq müdəfiəçısı dindarlar məhkumları "siyası məhbus" kimi tanıyıb. Bu mövqe ilə razısınızmı? Dindarların siyasi təqiblərə məruz qoyulması hansı səbəblərlə əlaqələndirərdiniz? Bunun məqsədi nədir?

Arzu Abdulla: Mən bayaq dedim. Mən bir neçəsinin adını yenə çəkərəm. Adı siyasi məhbus siyahısında olan Müsəlman Birliyi Hərəkatının üzvləri Taleh Bağırzadə, Abbas Hüseyn, Seyfəddin Şirvanov. Onlar bilirsiniz ki, sırf dini məsələyə görə həbs olunmadı. Bunun müəyyən dərəcədə rolu oldu. Amma onların həbs olunmasına səbəb sırf onların ölkədəki problemləri qabartmaları oldu. Sizin yəqin Taleh Bağırzadənin çıxışlarından xəbəriniz var. Həbs olunmamışdan öncə o, Nardaran məsələsi ilə bağlı problem qaldırdı ki, Azərbaycanda paytaxtın yaxınlığında yerləşən bir qəsəbə illərlə qazsızdır. Amma Azərbaycan höküməti qonşu dövlətlərə qaz verir. Yəni həbs olunması ibadət etməsi deyil. O demək deyil ki, ölkədə ibadət edənləri həbs edirlər. Azərbaycanda xoşagəlməyən bir zümrə, camiyə var ki, o da haqqını tələb edən və haqqsızlığa etiraz edən insanlardır. İstər Abbas Hüseyn olsun, istər Taleh Bağırzadə bu gün onlar zindan həyatı yaşayırlar. Amma yenə də ölkədə baş verən sosial, siyasi məsələlərinə münasibət bildirirlər. Yenə də əvvəlki fəallıqlarını qoruyub saxlayırlar.

Amerikanın Səsi: Bəs siz çıxış yolunu nədə görürsünüz?

Arzu Abdulla: Əgər insan haqlarından söhbət gedirsə, hüquq və azadlıqlarından söhbət gedirsə o zaman məhkəmə-hüquq sistemi normal işləməlidir. Əgər hakimlər hələ də sifariş qəbul edib, sifarişlə hökm oxuyurlarsa o zaman hansısa insan hüquqlarından danışmaq, hansısa dini etiqad azadlığından danışmaq, vicdan azadlığından isə ümumiyyətlə söhbət gedə bilməz. Götürək Nardaran işindən. Orada heç bir vəsatətlər təmin olunmadı.Götürək elə Gəncə işi. Bilirsiniz vətəndaşın ölkədə rahat şəkildə yaşaması üçün qanunlarımız işlək olmalıdır. Həbs həyatı yaşayan Taleh Bağırzadənin də istəyi bu idi. O deyir ki, biz sadəcə ölkədə qanunların işlək olmasını istəyirik.

Qeyd: Azərbaycan hakimiyyəti isə ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bəyan edir. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır. Həmçinin hakimiyyət nümayəndələri ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir.

XS
SM
MD
LG