Accessibility links

Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib


Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib

Dinləmələrdə hüquq müdafiəçiləri və siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvləri iştirak edib

Azərbaycanda son zamanlar həbs yerlərində siyasi məhbus kimi tanınan şəxslərə qarşı işgəncə hərəkətləri, mənəvi-psixoloji təzyiqlər durmadan genişlənir.

Bu fikirlər fevralın 7-də Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin təşkil etdiyi ictimai dinləmələrdəki çıxışların əsas leytmotivi olub.

Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib
Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib

Dinləmələrdə hüquq müdafiəçiləri və siyasi məhbus kimi tanınan şəxslərin, o cümlədən ilahiyatçı məhbusların, Gəncə hadisələrindən sonra qətlə yetirilənlərin və hərbi qulluq keçərkən vətənə xəyanətdə ittiham olunanların ailə üzvləri iştirak edib.

“Son günlər həbs yerlərində işgəncə halları geniş yayılıb. Hakimiyyət onların dəst-xətti ilə razılaşmayanları həbs etməklə kifayətlənmir, həm də həbs yerlərində işgəncə verib qisas alır. Saxlanma yerlərində işgəncə halları daha çox qeydə alınmaqdadır. Xüsusən Qobustan Qapalı Həbsxanasında saxlanılan və 20 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbuslar, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova, Abbas Hüseynə, Cabbar Cabbarova qarşı sözün gerçək mənasında misli görünməmiş şəkildə fiziki, mənəvi-psixoloji repressiya tətbiq olunur. İş o yerə çatıb ki, ağır işgəncələrə, uzunmüddətli həbslərə baxmayaraq həmişə təmkinini qoruyub saxlayan Taleh Bağırov işgəncələrə etiraz olaraq özünə xəsarət yetirib. Abbas Hüseyn o vəziyyətə salınıb ki, əynindəki paltarlar sökülüb-dağılıb. O, gecə saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilib və orada da təzyiqlərə məruz qalır. Ailəsi, vəkilləri ilə görüşə imkan verilmir. Bütün bunların başında Qobustan Qapalı Həbsxanasının rəisi dayanır,” Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev qeyd edib.

Hakimiyyət onların dəst-xətti ilə razılaşmayanları həbs etməklə kifayətlənmir, həm də həbs yerlərində işgəncə verib qisas alır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmli, Babək Həsənov, Ruslan Nəsirli, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmədə verdiyi ifadələrdən məlum olub ki, onlara Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində son illərin ən amansız işgəncələri verilib.

“Onlar məhkəmədə dedilər ki, `bandotdel` deyilən bu qurumda xüsisi otaqlar var. Həmin otaqlarda onlara işgəncə verilib və bu otaqlarda işgəncə aparatları olub. Bu otaqlar işgəncə laboratoriyalarını xatırladır.”

Hüquq müdafiəçisi xatırladıb ki, işgəncə verənlər vəsifarişçilər bu gün də olmasa, nə vaxtsa mütləq cəzalarını alacaq.

“İşgəncə edənlər buna əmin olsun ki, mütləq cəzalarını alacaqlar,” Gülalıyev qeyd edib.

İşgəncələr bədənin yandırılması, dırnağın çıxarılması, mismarlamaq, çarmıxa çəkmək, bədənə cərəyan buraxmaq halları ilə müşayiət olunur.
Rövşən Əhmədli, hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Rövşən Əhmədli deyib ki, işgəncələr bədənin yandırılması, dırnağın çıxarılması, mismarlamaq, çarmıxa çəkmək, bədənə cərəyan buraxmaq halları ilə müşayiət olunur.

“İndiyədək işgəncə halları olmuşdu. Amma, indi bunun şiddəti artıb. Cəmiyyət buna adekvat reaksiya verməılidir,” hüquq müdafiəçisi qeyd edib.

“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə, həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur işgəncələrəQobustan Qapalı Həbsxanasının rəisi Avtandil Ağayevin göstəriş verdiyini bildirib.

“Taleh Bağırov telefon danışığı zamanı anasına deyib ki, ona və əqidə dostlarına işgəncə verirlər. Ona istintaq zamanı ağlagəlməz işgəncələr verilib. Hətta müstəntiq etitaf edib ki, SSRİ zamanıdindarları belə işgəncələrə məruz qoymayıblar,” Leyla İsmayılzadə qeyd edib.

Dinləmələrdə Gəncə hadisələrində, şəhərin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində günahlandırılan və ötən il iyulun 24-də əməliyyat zamanı öldürülən Ağa Sərxaninin həyat yoldaşı Sevinc Sərxani bildirib ki, hələ də həyat yoldaşının cəsədi ailəsinə verilməyib.

Dinləmələrdə iştirak edən vətənə xəyanətdə günahlandırılan hərbi qulluqçuların ailə üzvləri də işgəncələrdən danışıb.

“Oğlum cəmi bir həftə hərbi qulluqda olub. O vətənə xəyanətdə günahlandırılaraq 15 il həbsə məhkum edilib. Oğluma istintaq dövründə elə içşgəncələr veriblər ki, hələ də yaraları sağalmır,” Nəriman Babayev deyib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının tam bərpa edildiyini bildirir. İşgəncə və qeyri-insani rəftar halları ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

Dövlət rəsmiləri Azərbaycanda siyasi məhbusların olmadığını deyir. Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi də işgəncələrlə bağlı deyilənləri təkzib edir. Hər iki qurum saxlanma yerlərində insanların qanunvericiliyə uyğun saxlanıldığını bəyan edir.

Penitensiar Xidmətin fevralın 6-da yaydığı məlumatda Qobustan həbsxanasının rəisi Avtandil Ağayev və onun ailə üzvlərinin ünvanına səsləndirilən hədə-qorxu və təhqirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edildiyi deyilir.

Sevinc Sərxaninin dediklərinə isə hələ rəsmi qurumlar münasibət bildirməyib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Rəsmi məlumatlara görə, iyulun 25-də Gəncə şəhər sakini Ağa Sərxani silahlı müqavimət göstəridiyinə görə öldürülüb.

Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri üzrə axtarışda olduğu bildirilib.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.

Polislər isə işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG