"Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədriliyi ilə "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) cinayət işi üzrə məhkəmə istintaqı əsassız olaraq yubadılır".
Bu barədə jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanım Səsinə bildirib.
2022-ci il iyulun 5-də Osman Nərimanoğlu Goranboy və Göygöl rayonları Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra jurnalist bildirib ki, ittihamlar yalandır, korrupsiya ilə əlaqədar barəsində materiallar dərc etdiyi məmurlar ona böhtan atıblar.
"Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı fevralın əvvəlində başlayıb və əsassız olaraq gecikdirilir", Arzu Rzayeva belə hesab edir.
Onun sözlərinə görə, həyat yoldaşına qarşı səhih dəlillər yoxdur və o, şahidlərin yalan ifadələrinə əsasən mühakimə olunur.
"Mayın 11-də məhkəmə iclası növbəti dəfə təxirə salındı və Osman prosesi uzatdığına görə dövlət ittihamçısına və məhkəməyə etiraz etdi. Bundan sonra polislər onu əlləri qandallı halda məhkəmə zalından çıxardılar. Mayın 13-də bizə bildirdilər ki, Osman istintaq təcridxanasının sanitar-tibb hissəsinə köçürülüb, nə baş verdiyini bilmirik və onun səhhətinə görə narahatıq", Arzu Rzayeva deyib.
Öz növbəsində, hakim Roman Ələkbərlinin katibliyindən Amerikanın Səsinə bildiriblər ki, cinayət işinin istintaqı üzrə hər hansı gecikmə yoxdur.
"Növbəti məhkəmə iclası mayın 25-nə təyin edilib. Bu cinayət işi üzrə çoxsaylı şahidlər və zərəçəkmişlər var. Həmin şəxslərin hamısı məhkəmədə ifadə verir" , hakimin katibliyindən Amerikanın Səsinə deyiblər.
İstintaq orqanından isə jurnalsitin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.
Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.