Accessibility links

Hüquq müdafiə təşkilatı Azərbaycanda 100 nəfər siyasi məhbusun olduğunu bildirir


Prison
Prison

Noyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq ölkədəki siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.

Siyahıya 100 nəfərin adı daxil edilib.

Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir ki, siyahını tərtib edənlər “siyasi məhbus” anlayışı üçün Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi meyarlardan istifadə edib.

Əvvəlki siyahı 28 sentyabr 2022-ci ildə açıqlanıb və 99 ad daxil olub.

Hüquq müdafiəçisi Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, siyahıda yeni şəxslər var - Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul.

“Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra jurnalist bildirib ki, ittihamlar yalandır, dərc etdirdiyi ifşaedici materiallarda korrupsiya faktlarını açıqladığı şəxslər tərəfindən ona böhtan atılıb. Nərimanoğlu iddia edib ki, ittiham tərəfində pul tələb edilməsinə dair heç bir sübut yoxdur," Həsənov deyib.

Vüqar Rəsul 2022-ci il iyulun 18-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Hüquq müdafiəçilərinin məlumatına görə, onun harada olması və ittihamlar barədə ailəsinə iyulun 22-də məlumat verilib.

“Rəsul ittihamları rədd edib,” hüquq müdafiəçiləri hesab edir ki, həbsin əsl səbəbi Rəsulun dini etiraz mahnıları səsləndirməsi olub.

Siyasi məhbuslar yeddi qrupa bölünüb: 1-ci qrup - jurnalistlər və blogerlər - 6 nəfər, 2 –ci qrup - müxalifət partiyalarının və hərəkatların üzvləri - 4 nəfər, 3-cü qrup - Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər - 5 nəfər, N qrupu - dindarlar - 18 nəfər, 4-cü qrup - Tərtər işi üzrə mühakimə olunanlar - 27 nəfər, 5-ci qrup - Gəncə işi üzrə mühakimə olunanlar - 27 nəfər, 6-cı qrup - ömürlük mühakimə olunanlar - 13 nəfər.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını, insanların əqidəsinə görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini bildirir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

XS
SM
MD
LG