Accessibility links

Bloger Rəşad Ramazanov aclığı dayandıracağını deyib


Rəşad Ramazanov. Foto Rəşad Ramazanovun Facebook səhifəsindən alınıb.
Rəşad Ramazanov. Foto Rəşad Ramazanovun Facebook səhifəsindən alınıb.

Həbsdə olan bloger Rəşad Ramazanov yeddi gün aclıq etdikdən sonra oktyabrın 28-də aclığı dayandırıb. O daha sonra ailəsinə telefonla zəng edib.

Bu barədə Ramazanovun həyat yoldaşı Könül İsmayılova Amerikanın Səsinə müsahibəsində bildirib.

Bloger aclıq aksiyası ilə “şərlənərək həbs edilməsinə, istintaqın qeyri-obyektiv aparılmasına, məhkəməyə, bir sözlə bütün haqsızlıqrlara etiraz edir,” Könül İsmayılova qeyd edib.

Bununla yanaşı, vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, Rəşad Ramazanovun səhhəti çox ağırdır.

“Artıq 7 gündür ki, aclıq edir. Səhhəti pis olduğuna görə oktyabrın 27-də məhkəmə iclası təxirə salındı. Məhkəməyə ”kars” (cərimə təcridxanası-red) paltarında gətirilmişdi,” vəkil qeyd edib.

Həmçinin Könül İsmayılova Amerikanın Səsinə bildirib ki, onunla telefon söhbəti zamanı Rəşad Ramazanov halsız olduğunu deyib.

“Səhhəti yaxşı deyil. Ona görə, xahiş etdim ki, aclıq aksiyasını dayandırsın. Xahişimi qəbul etdi. Çünki, mən düşünürəm ki, aclıq aksiyasının ona hər hansı faydası yoxdur. Ona çox narahatlıq keçirdiyimi bildirdim. O da dedi ki, narahatlığımı nəzərə alaraq yəqin ki, aclığı bu gün dayandıracaq,” İsmayılova qeyd edib.

Könül İsmayılova
Könül İsmayılova

Rəşad Ramazanov bu il mayın 20-də saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İttiham sübut olunarsa blogeri 5 ildən 12 ilədək həbs gözləyir.

Bu il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ramazanov ittihamı qəbul etmir və siyasi sifariş hesab edir. Yerli hüquq-müdafiə təşkilatları bildiriblər ki, həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin tənqid edilməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıblar.

Bundan əvvəl Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

XS
SM
MD
LG