Accessibility links

Hüquq-müdafiə təşkilatı Azərbaycanda 99 siyasi məhbusun olduğunu bildirir


"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqı yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib. Siyahıda 99 nəfərin adı var.

Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir ki, siyahı tərtib edilərkən "siyasi məhbus" anlayışı ilə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən müəyyən edilmiş meyarlarından istifadə edilib.

Əvvəlki siyahı 6 iyun 2022-ci ildə dərc edilmişdi və həmin siyahıda 100 nəfərin adı var idi.

Elşən Həsənovun məlumatına görə, siyahıda dini fəal Fəqan Məmmədov (YouTube kanalında KİM TV-də aparıcı) və Abid Qafarovun adı yenidir.

"Fəqan Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Bakıdan Gəncəyə Aşura mərasimi üçün üzərində qadağan edilməmiş dini şüarlar yazılan köynəklər aparıb. Məmmədov "Gəncə işi"nin fiqurantlarının ailələrinə fəal şəkildə yardım edib, məhbuslar üçün yardım toplayıb.

Abid Qafarov Qarabağ müharibəsi veteranlarına ədalətsizliyə qarşı etiraza çağırdığı üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Azad edilmiş ilahiyyatçı Elşən Mustafaoğlu, "Müsəlman Birliyi" Hərəkatının cəzasını çəkmiş üzvü Teymur Osmanov və həbsxanada vəfat etmiş ömürlük məhbus Elşad Mustafayevin adları siyahıdan çıxarılıb.

Siyasi məhbuslar 7 qrupa bölünüb: 1-ci qrup - jurnalistlər və blogerlər - 4 nəfər, 2-ci qrup - müxalif partiya və hərəkatların üzvləri - 4 nəfər, 3-cü qrup – Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər, 4-cü qrup – dindarlar – 19 nəfər, 5-ci qrup - Tərtər İşi ilə əlaqədar həbs edilənlər - 27 nəfər, 6-cı qrup - Gəncə işi üzrə həbs olunanlar - 27 nəfər, 7-ci qrup - ömürlük məhbuslar - 13 nəfər.

Azərbaycan hakimiyyəti hüquq-müdafiə təşkilatlarının siyasi məhbus siyahısını qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı insanların əqidəsinə görə təqib edilmədinyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Bununla yanaşı, AŞPA 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətbamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG