Accessibility links

Polis həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının lideri ilə bağlı araşdırmaya başlayıb


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının lideri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli Əliyevə qarşı yeni araşdırma başlayıb. Hələlik onun adı şahid qismində keçir, lakin siyasətçinin tərəfdarları bunun həbs müddətinin uzadılması üçün bəhanə olmasından ehtiyat edir.

Bu barədə Amerikanın Səsinə Vətəndaş və İnkişaf Partiyası rəhbərinin müavini Dilguşə Gülümcan bildirib.

Əliyevə qarşı şikayəti onun kamera yoldaşı verib, onu döyməkdə ittiham edib.

Bu barədə ancaq dünən məlum olub, çünki Əliyevə 10 gün ərzində evə zəng etməyə icazə verilməyib və vəkil də onunla görüşə buraxılmayıb.

“Avqustun 23-də istintaq təcridxanasında Əli Əliyevə qarşı təxribat törədilib. Həmin gün Əliyevlə daim bir yerdə saxlanılan məhbus bir müddət kameradan çıxarılıb. Geri qayıdanda qışqırmağa, özünü döyməyə və boğmağa başlayıb. Sonra şikayət edib ki, Əli Əliyev ona hücum edib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmaya başlanılıb,” Gülümcan bildirib.

Əliyevin vəkili Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, kamera yoldaşının şikayəti əsasında Əli Əliyevlə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma başlanılıb. Vəkil Əliyevin adının şahid qismində keçdiyini bildirərək təfərrüatlı açıqlamayıb.

Onun sözlərinə görə, Əli Əliyev 1 saylı Bakı İstintaq Təcridxanasında öz həyatına görə narahatdır və ölkənin birinci vitse-prezidentinə, baş prokurora, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, ədliyyə nazirinə müraciət edərək saxlanma yerinin dəyişdirilməsini xahiş edib.

Sabunçu Rayon Polis İdarəsində Əliyevə qarşı aparılan istintaqla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq hələ mümkün olmayıb.

Penitensiar Xidmədən də baş verənlərlə şərh almaq mümkün olmayıb.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtimalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədə tənqid etdikdən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

XS
SM
MD
LG