Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədri məhkəmədə çıxış etməkdən imtina edib


Əli Əliyev
Əli Əliyev

Aprelin 22-də Bakı Apellyasiya məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə ilkin baxış olub.

Apellyasiya şikayətinin verilməsinə səbəb aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətinin təmin edilməsi olub.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz.

“Bu prinsip həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində öz əskini tapıb.

Əli Əliyev eyni əmələ görə qanunsuz da olsa Bakı şəhər Yasamal rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli və artıq qanuni qüvvəsini almış hökmü ilə məhkum edilib”- deyə, vəkil deyib.

O hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi ilkin baxış mərhələsində hazırkı işin icraatına xitam verməlidir.

Bugünkü prosesdə isə məhkəməyə gətirilən Əli Əliyev çıxışdan imtina edib.

Buna səbəb isə prosesə hüquq müdafiəçilərinin və jurnalistlərin məhkəmə zalına buraxılmaması olub.

Amerikanın Səsinin hadisə yerində olan müxbirinin məlumatına görə, məhkəmə zalına buraxılmayan hüquq müdafiəçiləri ilə polis arasında mübahisə yaranıb. Nəticədə prosesə qatılmaq istəyən Rüfət Səfərovu, güc tətbiq edərək, polis maşınına aparıblar.

Rüfət Səfərov
Rüfət Səfərov

Daxili İşlər Nazirliyindən Amerikanın Səsinə verilən məlumata görə, bununla bağlı araşdırma aparılıb və Rüfət Səfərov sərbəst buraxılıb.

Öz növbəsində Rüfət Səfərov baş verənləri qanunsuz adlandırıb.

“Bütün bunlar onun göstəricisidir ki, ölkədə azad məhkəmə yoxdur. Hüquq müdafiəçiləri hətta açıq məhkəmə iclasına da gələ bilmirlər"- deyə, o qeyd edib.

Məhkəmə prosesi aprelin 29-na təyin edilib.

Aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib.

Məhkəmə
Məhkəmə

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə Əliyevə 5 ay həbs cəzası verilib və məhkəmənin əvvəlki 5 aylıq həbs hökmü ilə birləşdirilərək ümumi olaraq 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Əliyev məhkəmənin hökmünü qəbul etməyib və həbsinin hakimiyyətin ən yuxarı eşelonundan sanskilyalaşdırıldığını və siyasi xarakter daşıdığını bildirib.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verib.

İddiaçıların hər biri Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Xüsusi ittihamçıların şikayətləri ayrı-ayrı icraatda araşdırılıb.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

2022-ci il yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik leytenanatı Emil Cəfərovun şikayəti üzrə Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG